Vaqif Sadıqov: "Hər iki komandamız tarix yaza bilər"

Vaqif Sadıqov: "Hər iki komandamız tarix yaza bilər"

Dünən Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" və "Neftçi" ilk oyunlarını keçirdilər. Fanat.az hər iki klubumuzun iştirakını dəyərləndirmək üçün millimizin sabiq baş məşqçisi Vaqif Sadıqova müraciət etdi.

- Hər iki komandamız üçün bu, tarixi şansdı. Bakıda baş tutan ilk oyunda "Tvente" "Qarabağ"dan zəif təsir bağışladı. Fərdi ustalığına görə, Qurban Qurbanovun yetirmələri Hollandiya təmsilçisini üstələməyi bacardı. Ancaq onu da qeyd etməliyəm ki, "Tvente" intizamlı oyun göstərdi. Bütün komponentləri müqayisə etdikdə, görərik ki, ağdamlıların potensialı var və mərhələ adlayaraq, tarix yaza bilərlər. 

"Neftçi" ilk yarıda "Partizan"ı aşkar şəkildə üstələdi. Təəssüf ki, tempi qoruya bilmədilər. "Partizan"ın təklif etdiyi sürətlə fasilədən sonra ayaqlaşa bilmədilər. Lakin Bakıda fərqli bir mənzərənin şahidi olacağımıza inanıram. Üstəlik Karlos Kardosonun da qayıdacağını qeyd etməliyəm. Zənnimcə, hər iki komandamız tarix yaza bilər.

- Yəqin razılaşarsınız ki, "Qarabağ"ın ən çatışmayan cəhəti sürət oldu. Komanda bunu ot örtüyünün qeyri-qənaətbəxş olması ilə əlaqələndirir. Sizcə, ağdamlıların daha sürətli futbol sərgiləməsinə yalnız bu amil mane oldu?

- Bunun obyektiv və subyektiv səbəbləri var. Əlbəttə, qazon qaydasında olmayanda, topla davranmaq çətinləşir. Bu üzdən də ot örtüyünün mane olmasına şübhə yoxdu. Ancaq tempi artırmağa rəqib də imkan vermirdi. Onlar böyük qüvvəylə müdafiə olunurdular. Meydanın mərkəzini, topa nəzarəti meydan sahiblərinə verən "Tvente"nin futbolçuları böyük qüvvəylə müdafiə olunurdular. Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov da cavab oyununda fərqli oyun sərgiləyəcəklərni bildirdi. İnanıram ki, 2-ci oyundan sonra sevinən tərəf "Qarabağ" olacaq.

- Azərbaycan klubları sıx müdafiə olunan komandalar qarşısında aciz görünürlər. "Tvente" də məhz bu taktikanı seçmişdi. Məgər əvvəlcədən bilinmirdi ki, hollandlar bu üslubda oynayacaqlar?

- Baş məşqçi oyunun axarını dəyişmək üçün Vüqar Nadirova şans verdi. O da rəqib müdafiəçiləri çaş-baş salmağı bacarırdı. Hansısa epizodlarda bəxtimiz gətirmədi. Ancaq bir daha təkrar edirəm ki, "Qarabağ" rəqibindən səviyyəli komandadı.

- Nəzərə alsaq ki, "Tvente" evdə irəli atılacaq və güclü hücum xəttinə sahib təmsilçimizin qol vurmaq şansları artacaq, demək olarmı ki, 0:0 "Qarabağ" üçün sərfəli nəticədi?

- Deməzdim ki, 0:0 bizə sərf edən nəticədi. Əlbəttə, Bakıda qalib gəlmək lazım idi. Lakin hiss olunurdu ki, ağdamlılar ehtiyatı əldən verməyi də düşünmürlər. Müdafiəyə kifayət qədər ciddi diqqət yetirirdilər. İndi mütləq səfərdə qol vurmaq lazımdı və inanıram ki, çempionumuz bu vəzifənin öhdəsindən gələcək. İndiyədək "Qarabağ" qrup mərhələsində oynamayıb və hər bir oyunçu başa düşməlidi ki, tarixin 90 dəqiqəliyindədi.

- Serbiyada erkən qollarla 2:0 önə keçən "Neftçi" isə yekunda məğlub oldu...

- Güclü hücum xəttinə malik "Neftçi" müdafiədə fərqli oyun sərgiləyir. Paytaxt klubunun müdafiə xəttində nəzərəçarpacaq problemlər var. Təəssüf ki, qapımızın toru iki dəfə avtoqoldan sonra silkələndi. Bu, milyonda bir dəfə yaşanan hadisədi. Təəssüf ki, həmin hadisə də Azərbaycan klubunun başına gəldi. Məğlubiyyətə baxmayaraq, bu rəqibi keçmək olar. Cavab oyununda tək hücumda qol vurmaqla iş bitməyəcək. "Neftçi" mütləq etibarlı müdafiəsi ilə də seçilməlidi.

- Ancaq "Neftçi" doğma meydanda rəqib qapısına yol tapmaqda daim çətinlik çəkir...

- "Tvente"dən fərqli olaraq, "Partizan"ın ən zəif yeri müdafiədi. Araz Abdullayev, Flavinyo, Vobay kimi yarımmüdafiəçilər serblərin müdafiə redutlarını yara biləcək gücdədilər. "Partizan"ın cinah hücumları olduqca təhlükəlidi. Bax buna xüsusi diqqət yetirmək lazımdı. Bakıda buna imkan verilməməlidi. "Neftçi"yə erkən qol lazımdı. Bundan sonra nəinki sadəcə, qələbə, hətta darmadağına da nail olmaq mümkündü.

Ceyhun Əliyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər