Türkiyə millisinin ulduz futbolçusu, Çinin "Pekin Quoan" klubuna keçən Burak Yılmazın meneceri Oqan Tarhan “Qafqazinfo”ya müsahibə verib. Onun fikirlərini təqdim edirik.
- Dünyanın iqtisadi böhran bürüdüyü halda Çin futbol bazarında böyük canlanmanın səbəbi nədi?
- Çin klubları futbollarından söz etdirmək üçün Avropada az-çox parlamış oyunçuları öz liqalarına cəlb edirlər. Daha doğrusu rəqabət yaratmaqla güclü çempionat qurmaq fikrindədilər. Ona görə də böyük pullar xərclənilir. Çin iqtsadiyyatı hamımıza bəllidi. Onların maliyyə durumu indiki halda belə pis deyil.
- Burak Yılmazı siz Çinə apardınız. Hədəfdə başqa futbolçular varmı?
- Burak forvarddı və ona ehtiyac var idi. Bu səbəbdən də “Pekin Quoan” klubu onu istədi. Transferi həll etdik. Əslində Türkiyədən daha çox futbolçu bu ölkəyə gedə bilər. Amma orda da legioner limiti hər şeyə mane olur.
- Çin klubları bu oyunçuları almaqla daha çox reklam olunurlar...
- O da səbəblərdən biridi. Amma daha çox rəqabət istəyirlər.
- Azərbaycan futbolu haqqında nə bilirsiz?
- Azərbaycan futbolu ilə daha yaxından maraqlanmaq istərdik. Əslində bir neçə il öncə sizin futbolçular sıx-sıx PTT liqasına gəldiyi üçün izləyirdik. Amma indi vəziyyət fərqlidi. Milli komandanızın bir neçə oyununu izlədim. Məsələn, orada elə oyunçular var ki, xaricdə legioner həyatı yaşamalıdılar.
- Azərbaycanlı futbolçular Çində çıxış edə bilərlər?
- İndiki vəziyyətdə Çin klublarının onları alması çətin görünür. Çünki bu komandalar yüksək səviyyəli transferlər edirlər. Azərbaycanlı futbolçular ora getmək üçün əvvəlcə Avropada özlərini göstərməlidilər.
- Avropa çempionatlarına getmək bizim oyunçular üçün çətindi...
- Amma aşağı səviyyəli liqalardan başlaya bilərlər. Bir çox ölkələr var ki, Azərbaycan çempionatından çox da üstün deyil. Ordan başlamaq, diqqət cəlb etmək olar.
- Ölkəmizdə tanıdığınız oyunçu var?
- Mən Vaqif Cavadovu illər öncə bəyənmişdim. Bizim milli komandaya qarşı çox yaxşı çıxış etmişdi. O, Türkiyəyə gələndə yenidən parlayacaq deyə düşündüm. Amma olmadı. Bilirsiz, azərbaycanlı menecerlər də sizin oyunçuları xaricə aparmaq üçün çalışmalıdılar. Sizin futbolçuların legioner həyatı yaşaması onların əlindədi.
Fanat.az