“Rəvan” - “İnter” matçının son dəqiqələrindəki gərginliklə bağlı məlumat vermişdik. Məlumat üçün xatırladaq ki, Vaqif Cavadovun 90+4-cü dəqiqədə penalti zərbəsindən vurduğu qoldan sonra “İnter”in gürcü müdafiəçisi Laşa Salukvadze "Rəvan" məşqçilərinin qarşısında ədəbsiz jest edib. Bu isə “Rəvan”ın məşqçisi Füzuli Məmmədovun kəskin etirazına səbəb olub. Məmmədov gürcünün təhqirinə dözməyərək, onunla eləcə də “İnter”in məşqçiləri ilə haqq-hesab çürüdüb.
Fanat.az xəbər verir ki, olaya "İnter"in kapitanı Vaqif Cavadov münasibət bildirib. Futbolçu futbol11.az saytına açıqlamasında bildirib ki, gürcü həmkarını etdiyi səhvə görə "başa salıb": "Mən ona görə, Fizuliyə yaxınlaşıb, üzr istədim. Oyundan sonra həm Laşanı, həm də Fizulini çağırdım, aramızda söhbət oldu. Fizuli bizim yaxşı oyunçumuzdu, qardaşımızdı. Mənim ona böyük hörmətim var. Fizuliyə qarşı belə hərəkət edən legioneri başa salmaq lazımdı və başa saldıq da. Düşünürəm ki, bir daha belə hal olmaz".
Fanat.az