Bir oyunçu özünü yaxşı hiss etmirsə, bu, zəncirvari şəkildə komandadakı digər futbolçulara da təsirini göstərir. Əksər hallarda katalizator rolunu oynayan isim azarkeşlərin və medianın dəstəyini arxasına alan ulduz futbolçulardan biri olur. Lui van Qalın situasiyasında bu şəxs Rivaldo idi. Birlikdə keçirdikləri üçüncü mövsümdə ikilinin yolları ayrıldı. Hollandiyalı məşqçi Rivaldonu 4-3-3 düzülüşündə sol vinqer kimi oynatmaq istəsə də, forvard bununla razılaşmaq istəmirdi. Hər şeyin başlanğıcı məhz bu məsələyə dayanırdı. Braziliyalı "9 nömrə” kimi oynamaq niyyətində idi. Nəticədə van Qal tez-tez onu əvəzedicilər skamyasında oturtmaq məcburiyyətində qalırdı. Həmçinin Lui Luiş Fiqu və Patrik Klayvert kimi ulduzlardan ibarət irəli üçlünün digər üzvü olan Rivaldodan dribliq bacarıqlarını bir kənara qoyub, onun ötürmələrə dayanan fəlsəfəsinə uyğunlaşmasını tələb edirdi. "İlin oyunçusu” seçilmiş birinə sol cinahda oynamağı tapşırmaq və ya ondan digər futbolçular üçün zona açmasını istəmək van Qalın taktiki planı üçün önəmli həmlə ola bilərdi, ancaq onun özünün "katalon bataqlığı”ndan xilası üçün heç də uğurlu addım deyildi. Ulduzları "Ayaks”dakı oyunçu qrupu ilə əvəzləmək də hollandiyalıya yerli azarkeşlərin gözündə xal qazandırmaq üçün kifayət etmirdi.
Van Qal qələbələrin futbolçuların hesabına yazıldığından, komanda məğlubiyyətlə üzləşdikdə isə məhz öz adının günahkar qismində qəzetlərin ön səhifələrini bəzəməsindən şikayətlənirdi. Lui Rivaldo haqqında demişdi:
"Ona həddindən artıq şans vermişəm. Komandada fərq yaradacağına inanırdım. Müəyyən şeyləri keçdiyin biri onun qarşılığını verməyəndə soyunub-geyinmə otağındakı balans pozulur. Bu, mənim ən böyük səhvim idi. Buradakı kültürün ulduzlara ehtiyacı var və hazırda dünyada top-10 futbolçu sırasında qərarlaşan iki oyunçuya sahibəm. 1995-ci ildə "Ayaks”da çalışanda bir matçda belə olsun uduzmamışdıq. O zaman sözügedən siyahıda olan futbolçularım yox idi. Başa düşürəm ki, burada "Biz ən yaxşıyıq” kültürü hakimdi. Ancaq ilk növbədə bunu sözdə yox, praktikada sübut etmək lazımdı”.
Van Qalın "Barselona”da problem yaşadığı bir digər braziliyalı Covanni idi. Hollandiyalının gəlişindən sonra o, əvvəlcə əvəzedicilər skamyasında oturmağa məcbur olmuş, daha sonra isə "Olimpiakos”a göndərilmişdi. 2010-cu ildə Covanni sabiq baş məşqçisi haqqında demişdi:
"Van Qal təkəbbürlü, dikbaşın biridi. Hollandiyalının mental problemləri var. Onunla birlikdə çalışdığım illər qorxunc idi. Braziliyalılar onu istəmirdilər. Mən, Rivaldo və Sonni Andersona qarşı fərqli rəftar edirdi. Həmişə bir bəhanə tapıb, yaxşı məşq etmədiyimizi deyirdi. Yəqin ki, travması var idi. Futbol haqqında heç bir anlayışı yox idi. Onunla birlikdə çalışdığım illərdə həmişə eyni məşq metodundan istifadə edirdi. Dəli idi”.
Görünür, illər keçsə də, Covanninin van Qala qarşı nifrətində azalma olmamışdı. Çünki onun 2010-cu ildə "İnter” və Lui van Qalın "Bavariya”sı arasında oynanılan və birincilərin qələbəsi ilə başa çatan Çempionlar Liqası finalı barədə dediklərini başqa cür izah etmək olmur:
"Məndən olsa, "İnter”in finalda 15:0 hesabı ilə qələbə qazanmasını və Lusionun 5 qol vurmasını istəyərdim”.
Van Qal "Bavariya”ya keçdikdən sonra bir başqa braziliyalı - Lusionun xidmətində maraqlı olmadığı üçün onun satılmasını istəmişdi. Nəticədə müdafiəçinin növbəti "dayanacağı” "İnter” olmuşdu.
Van Qal qeyri-adi talanta malik futbolçularla problemlərinin olmadığın düşünmür:
"Məsuliyyəti öz üzərinə götürmək bacarığına sahib super oyunçularla birlikdə çalışmışam. Koku, Çavi, İnyesta, Puyol kimi futbolçulardan bəhs edirəm. "Barselona” təməlini məhz onlar kimi, özlərinə tənqidi yanaşmaq bacarığına sahib oyunçulardan formalaşdırdığı üçün uğurlar qazanır. Sadaladığım isimlər hamsı mənim rəhbərliyim altında şans əldə ediblər. Onlar kimi futbolçularla çalışmağı sevirəm. Digər tərəfdən, televiziyaların əhatəsində olanda və ya günəş çıxanda fərqlənən/seçilməyə çalışan ulduz futbolçularla mənimki tutmur”.
Van Qalın ən sevdiyi futbolçulardan biri, sözsüz ki, İnyestadı: "Onun oyunu görmə qabiliyyəti əladı, müxtəlif mövqelərdə oynaya bilir. Eyni şeyləri Çaviyə də aid edə bilərəik, sadəcə, Ernandes daha statikdi. İnyestanın oyununda isə "qığılcım”ı görmək olur. Çavi daha çox mənə bənzəyir. Texniki baxımdan mükəmməldi, taktiki güclüdü, amma çox ləngdi... – eynən mənim kimi. İnyesta isə mənim olmaq istədiyim, amma ola bilmədiyim oyunçu tipidi”.
Çavi: "Van Qal xüsusi məşqçilərdəndi. Ona hörmətim böyükdü. Bunda qismən mənə La Liqada oynamaq şansı yaradan mütəxəssis olmasının da payı var. O, mənə güvənmişdi və belə şeylər unudulmur. Xarakter olaraq çətin biri ola bilər, amma dürüst insandı. Onun rəhbərliyi altında yaxşı çalışırsansa, deməli, mütləq heyətdə özünə yer tapacaqsan”.
Van Qalın dönəmində "Barselona”nın parçası olan iki isim sonradan baş məşqçi kimi Çempionlar Liqasını qazandılar. Bunlardan biri komandanın kapitanı olan Pep Quardiola, digəri isə tərcüməçi, 90-ların sonunda van Qal üçün skaut raportları hazırlayan Joze Mourinyu idi. "Barselona”nın sonrakı illərdə qazandığı uğurlarda hollandiyalı çalışdırıcının rolu ilə bağlı fikirlər haçalanır. Quardiolanın dönəmində heyətin əsası Çavi, İnyesta, Valdes, Puyol və Messi kimi "yerli məhsul”lardan təşkil olunmuşdu. Bəzilərinə görə, Pep bu yanaşmanı məhz van Qaldan mənimsəmişdi. Digərləri isə baş verənlərin kökünün daha da keçmişə - Yohan Kroyfa dayandığını iddia edirdi.
1999-2000 mövsümündəki uğursuzluqlar sonda prezident Nunyesin qərarını qətiləşdirdi və van Qalın "Barselona” dönəmi bitdi. Hollandiyalının katalon klubu ilə olan müqaviləsi 2002-ci ilə kimi nəzərdə tutulmuşdu. O, klubdakı müqavilə müddətini tamamlasa, əlavə 10 milyon avro qazana bilərdi. Həyat yoldaşının narazılığına səbəb olsa da, van Qal klubdan təzminat məbləğini istəməmişdi: "Klubu başıuca tərk edirəm. Bir quruş da almayacam. Haqlarını tələb edən digərlərinin başlarına gələnlər məlumdu”.
Van Qal "Barselona”nı heç də pis olmayan göstəricilərlə tərk etsə də, heç vaxt katalon azarkeşlərin sevgisini qazana bilmədi. Onun katalon klubundan ayrılmasına səbəb olan amillərdən biri də media ilə münasibətlərinin qaydasında olmaması idi. Hətta "Barselona”nı tərk edərkən media nümayəndələrinə açıqlamasında demişdi: "Mediadakı "dostlarım”, "Barselona”dan ayrılıram. Sizi bu münasibətlə təbrik edirəm”.
Sonda van Qaldan geriyə dostdan çox düşmən, tituldan çox küsülülüklər qaldı. Növbədə yeni çağırış var idi. Van Qal Hollandiya yığmasının yeni baş məşqçisi qismində vətəninə qayıdırdı.
Hazırladı: Rüfət Məcid