2000-ci ildə "Real” gözlənilmədən öz dönəminin ən yaxşı dayaq yarımmüdafiəçilərindən olan Fernando Redondonu "Milan”a satdı və onun boşluğunu "Selta”nın yarımmüdafiə partnyorları – Makalele və Selades, o cümlədən "Deportivo”lu Flavio Konseysao ilə doldurdu. "Real”dakı üç mövsüm ərzində Makalele "qalaktikos”un üzvləri Zinədin Zidan, Luiş Fiqu, Ronaldo və Raulun ardınca komandanın ən önəmli ismi hesab olunurdu. Klodun üzərinə düşən əsas iş dərində "oturmaq” idi. "Real”ın baş məşqçisi Visente del Boskenin sözlərinə görə, o, həm ilk müdafiəçi, həm də ilk hücumameyilli yarımmüdafiəçi ola biləcək bacarığa sahib idi.
"Real”ın o dönəm 7 oyunçu ilə hücuma çıxdığı və Makalelenin təkbaşına müdafiəçiləri qoruduğu haqda fikirlər geniş yayılıb. Ancaq onlar, əslində, həqiqəti əks etdirmir. "Real” forması ilə liqada 95 matçda meydana çıxan Makalele bunların 76-da – İvan Elquera (36 dəfə), Konseysao (19 dəfə), Kambiasso (12 dəfə), Selades (7 dəfə), Yerro (2 dəfə) – başqa bir komanda yoldaşı ilə dayaq ikilisi əmələ gətirib. Rəqəmlərdən də aydın olduğu kimi, fransız futbolçu çox nadir hallarda tək dayaq funksiyasını icra edib. Belə azsaylı hallarda da, adətən, zəif klublarla matçlara təsadüf edirdi. Bu tip oyunlarda "Real” Makalelenin yanında Quti və ya MakManaman kimi yaradıcı isimlərə şans verirdi.
Makalele müdafiəyə meyilli olan, hətta mərkəz müdafiəçisi kimi də oynadılan dayaq yarımmüdafiəçisi – İvan Elqueranı sevimli komanda yoldaşı kimi görürdü: "O, meydanda hara hərəkətlənəcəyimi bilir, mən də öz növbəmdə onun nə vaxt irəli çıxacağını bilirəm. Heç danışmağa da ehtiyac yoxdu, nə edəcəyimizi anlamaq üçün bir baxış yetərlidi”.
Bəzi hallarda isə Klod Santi Solari ilə partyor olurdu. Əksər hallarda solaxay Solari Roberto Karlosun irəli çıxışlarını sığortalamaq üçün geniş zonaya çəkilirdi. Belə olan halda, Makalele mərkəzdə tək qalırdı.
"Real”ın superulduzlara olan sevgisinin nəzarətdən çıxması nəticəsində Makalele 2003-cü ildə "Çelsi”yə transfer oldu. Fransız futbolçu ulduz komanda yoldaşları ilə müqayisədə, çox az məvacib almasından şikayətlənirdi. Florentino Peres isə onu komandada saxlamaq niyyətində deyildi. Hətta Makalelenin gedişi ərəfəsində klub prezidenti mətbuata açıqlamasında demişdi: "Makelele üçün darıxmayacağıq. Texnikası o qədər də yüksək deyildi, sürətdə çatmırdı və topu rəqiblərindən keçirə bilmirdi. 90% hallarda topu ya arxaya, ya da kənara ötürürdü”.
Perez, əslində, bilmədən Makalelenin bacarıqları əvəzinə, sadəcə, üzərinə biçilən rolu təsvir etmişdi. Klod "Nant” günlərindən bəhs edəndə özünün universal bacarıqlarına həmişə diqqət çəkərdi. Onun göndərilməsini və Deyvid Bekhemin "Real”a gəlişini "Real”ın futbolçuları da təəcccüblə qarşılamışdılar. Hətta Zidanın prezidentə "Mühərrikin tamamını itirmək bahasına "Bentli”ni əlavə qızılı rəngə boyamağa cəhd etməyin nə anlamı var?” dediyi haqqında iddialar var.
"Real” Makalelenin sonuncu ilində La Liqanı qazanmışdı. Klodun gedişindən sonra komanda dördüncülüyə qədər düşdü. Əslində, problem Makalelenin ayrılmasından çox, 2002-03 mövsümündən fərqli olaraq, 2003-04 mövsümündə "Real”ın iki tutucu yarımmüdafiəçi ilə oynamaqdan imtina edib, yaradıcı Bekhem – Quti ikilisinə şans tanımasından qaynaqlanırdı. Bəlkə də, Madrid klubu zamanında Kambiassonun özəlliklərinin fərqinə varsaydı, problemlər böyüməzdi. İşin maraqlı tərəfi "Real” sonradan 2004-cü ildə Vieyranı, 2005-ci ildə isə Roy Kini heyətinə qatmağa cəhd etmişdi. "Real”ın mərkəz üçün döyüşkən və enerjili birini axtardığı aydın idi. Nə qədər gülünc səslənir, bilmirəm, amma "kral klubu” sonda "Everton”lu Tomas Qraveseni transfer etdi. Bu addımın qəribə olmasının iki səbəbi var idi: 1) Qravesen "Real” standartında biri deyildi 2) Ümumiyyətlə, o, tutucu yarımmüdafiəçi deyildi. Qravesen özü də sonuncu faktorun doğruluğunu təsdiqləmişdi: "Buradakı funksiyam "Everton”dakından fərqlənir. "Everton”da Li Karsli mənim indi oynadığım mövqedə oynayır”.
Deyəsən, Makalelenin gedişindən sonra nə etdiyini bilməyən "Real” rəhbərliyi "Everton”un keçəl orta xətt oyunçularını (Qravesen və Karsli) bir-birilə qarışdırmışdı...
Hazırladı: Rüfət Məcid