İsveçrə polisi UEFA-nın Nyondakı binasına basqın edib. Fanat.az xəbər verir ki, basqının "Panama sənədləri" adı ilə yayımlanan sənədlərdəki faktlarla bağlıdı.
Həmin sənədlərdə dünyada idmandan siyasətə bir çox məşhur şəxsin vergidən yayınması ilə bağlı faktlar var. Sənədlərdən məlum olur ki, həmin şəxslər Panamadakı offşor şirkətlərin vasitəsi ilə külli miqdarda vəsaiti vergidən yayındırıb.
"Panama sənədləri"ndə FIFA-nın hazırkı prezidenti Canni İnfantinonun da adı keçir. İddialara görə, o, 2006-cı ildə UEFA-nın hüquq direktoru vəzifəsini tutarkən Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunun yayım hüququ ilə bağlı imzalanan TV anlaşmasında saxtakarlıqlara yol verilib. Çünki anlaşmaya imza atanlardan ikisi - ABŞ-da aparılan rüşvət əməliyyatı ilə bağlı adı keçən və Argentinada ev dustağı edilən Hüqo Jinkislə oğlu Mariano Jinkisdi.
"Cross Trading/Teleamazonas" korparasiyası ilə imzalanan müqavilədə imzası olan İnfantino qeyri-leqal bir vəziyyətin olmadığını israr etsə də, fərqli düşünən İsveçrə Federal Polisi bu gün UEFA-nın baş ofisinə basqın edib.
UEFA polis basqınını təsdiq edib. Qurumdan verilən açıqlamada "İsveçrə Federal Polisi "Cross Trading/Teleamazonas" ilə imzalanan müqaviləni tələb edib. UEFA təbii olaraq İsveçrə polisinə sənədləri təqdim edir və işbirliyi aparır" deyilir.
Fanat.az