UEFA 3 klubu avrokuboklardan kənarlaşdırıb. Fanat.az xəbər verir ki, Türkiyənin "Sivasspor" və "Eskişəhərspor", Serbiyanın isə "Srvena Zvezda" klubları avrokuboklara çıxa bilməyəcək.
Türk klubları oyun alqı-satqısına qarışdığı üçün Avropa Liqasına qatıla bilməyəcək. Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" Super Liqanı 5-ci pillədə başa vurduğu üçün turnirə 3-cü, "Eskişəhərspor" isə kubokun finalında iştirak etdiyi üçün 2-ci təsnifat mərhələsindən başlamalı idi.
Bu klubları kimlərin əvəzləyəcəyi hələ bəlli deyil. Çünki Türkiyə klubları ilə bağlı qarışıq vəziyyət yaranıb. Super Liqanın 6-cısı "Kasımpaşa" lisenziya ala bilmədiyindən avrokuboklara buraxılmır. Belədə "Sivasspor"la "Eskişəhərspor"u "Karabükspor" və "Bursaspor" əvəzləməlidi. Amma hər iki klubun, 9-cu pillənin sahibi "Gənclərbirliyi"nin adı oyun alqı-satqısına qarışıb və adları UEFA-dakaı araşdırmaya daxil olub. 10-cu pillədə qərarlaşan "Akhisar Bələdiyyəspor"un heç bir problemi olmasa da, 11-ci pillədəki "Konyaspor" lisenziya ala bilməyib. Bu səbəbdən "Akhisar Bələdiyyəspor"la 13-cü pillənin sahibi "Çaykur Rizəspor"un Avropa Liqasına qatılması gözlənilir.
"Srvena Zvezda" isə Çempionlar Liqasından kənarlaşdırılıb. Buna səbəb Belqrad klubunun "Maliyyə Fair-Playı qaydaları"na əməl etməməsidi. Serbiya çempionu buna görə Çempionlar Liqasında iştirak etməyəcək.
Hər üç klubun apellyasiya şikayəti vermək üçün 10 gün vaxtı var.
Fanat.az