Futbol üzrə Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, mükafat uğrunda “Beşiktaş” və “Antalyaspor” üz-üzə gəlib. Super Liqanın və Türkiyə Kubokunun son qalibi olan İstanbul təmsilçisi bu görüşdə də istəyinə çatıb. Qətərin paytaxtı Dohada keçirilən qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Beşiktaş” Türkiyə Superkubokunun qalibi olub. “Beşiktaş” tarixində 9-cu dəfə superkubokda qələbəyə sevinib. Bununla da “qara qartallar” 9 dəfə bu titula yiyələnmiş “Fənərbağça” və “Trabzonspor”a çatıblar. Türkiyə Superkubokunda ən çox qələbə sevinci yaşamış komanda isə “Qalatasaray”dır – 16 dəfə. Türkiyə Superkuboku 5 yanvar Beşiktaş – Antalyaspor 1:1 (penaltilər 4:2) Qollar: Hatçinson, 33 – Hatçinson, 74-öz qapısına.