Türkiyə milli komandasının sabiq futbolçusu Kolin Kazım-Riçardsın yeni klubu müəyyənləşib. 31 yaşlı hücumçu Braziliya "Korintians"ı ilə 2 illik müqavilə bağlayıb.
Kazım-Riçards Braziliyada forma geyinən ilk türk futbolçu ünvanına hələ ötən il "Kuritiba"ya keçərkən sahib olub. O, transferi ilə bağlı danışarkən, "Dünyanın ən böyük klublarından birində forma geyinəcəyim üçün xoşbəxtəm" deyib.
Qeyd edək ki, "Korintians" Kolin Kazım-Riçardsın 13 illik peşəkar futbolçu karyerasında 13-cü klub olacaq. O, daha öncə Türkiyədə "Fənərbaxça", "Qalatasaray" və "Bursaspor", İngiltərədə "Böri" "Brayton Hov Albion", "Şeffild Yunayted", "Blekbern", Fransada "Tuluza", Yunanıstanda"Olimpiakos", Hollandiyada "Feyenord", Şotlandiyada "Seltik" komandalarında top qovub.. Təcrübəli forvard Türkiyə millisinin heyətində 37 oyuna çıxıb. Kolin "ay-ulduzlular"la 2008-ci il Avropa çempionatının bürünc mükafatçısı olub, "Fənərbaxça", "Olimpiakos" və "Seltik"lə çempionluq sevinci yaşayıb.
Fanat.Az