Amerikalı peşəkar boksçu Maykl Konstantino Nyu-Yorkun “La Quardia” hava limanında polislərlə dalaşıb. Fanat.az xəbər verir ki, Torontoya uçacaq təyyarəni gözləyən 35 yaşlı Konstantino birdən-birə özünü aqressiv aparmağa başlayıb.
Ətrafındakıların üstünə qışqıran, söyüş söyən Mayklı görən polislər işə qarışıb. Lakin 3 asayiş keşikçisi boksçunun öhdəsindən gələ bilməyib. Polislərdən birinin çənəsini qıran idmançı digərinin əlini dişləyib, üçüncü isə çiynindən ağır zədə alıb. Döydüklərinə tüpürməyi də özünə borc bilən boksçunu nəhayət, köməyə gələn qüvvənin hesabına zərərsizləşdirmək mümkün olub. Onu dərhal tibbi müayinə üçün xəstəxanaya aparıblar.
Qeyd edək ki, yarımağır çəkidə çıxış edən Konstantinonun anadangəlmə sağ qolu dirsəkdən aşağı yoxdu.
Fanat.az