Tbilisi medalçımız Paris-2024 iddiasında - MÜSAHİBƏ

Tbilisi medalçımız Paris-2024 iddiasında - MÜSAHİBƏ

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin bürünc medalçısı Gültac Məmmədəliyevanın Fanat.Az-a müsahibəsi

- Gültac, uzun aradan sonra "Böyük Dəbilqə" seriyalı turnirdə medal qazandınız. Təəssüratlarınızı öyrənək.

- Sonuncu dəfə 2020-ci ildə U-23 Avropa çempionatında gümüş medal qazanmışdım. Ondan sonra çiynimdən əməliyyat olundum. Altı-yeddi ay məşqlərdən uzaq qaldım. Ardınca ikinci əməliyyatım oldu. Beləcə üç-dörd ay yenə məşqsiz qaldım. Əməliyyatdan sonra uğursuz çıxış elədim. Artıq neçənci yarış idi ki, medal qazana bilmirdim.

- Ötən Olimpiadadan uzaq qalmışdınız. Bu qazandığınız medal Olimpiadaya doğru motivasiyanıza hansı ölçüdə təsir edir?

- Tokio Olimpiadasına lisenziya qazana bilmədiyim üçün çox heyfsilənmişdim. Ən böyük məqsədim Parisə yollanmaqdır. Hər bir idmançı kimi mənim də ən böyük arzum olimpiya medalçısı olmaqdır.

- Sizinlə eyni çəkidə aşağı yaş qrupunda sözünü yetərincə demiş gənc Aydan Vəliyeva da mübarizə aparır. Rəqabəti hiss edirsinizmi?

- Aydan həqiqətən çox potensiallı idmançıdır. Rəqabəti hiss edirəm. Kim güclü olacaqsa, Olimpiadaya o getsin.

- Qarşıdakı dünya çempionatı barədə nə düşünürsünüz?

- Hazırda Yaponiyada təlim-məşq toplanışındayıq. Əlimdən gəldiyi qədər yaxşı çıxış etməyə çalışacağam. Dediyim kimi, əsas məqsəd Olimpiadaya qatılıb, orada sözümüzü deməkdir. İnşallah, 2024-cü ilə kimi hər şey yaxşı olacaq.

- Qətərdəki mundialda neçə medal gözləyirsiniz? Kimlərdən?

- Cüdo elə idman növüdür ki, burada hər saniyənin öz hökmü var. Bu səbəbdən konkret söz demək olmur. Ümid edirəm ki, gözləniləndən daha çox sayda medalla dönərik vətənə.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər