"Matç başlamamışdan öncə hər birimiz çox həyəcanlı idik. Hesab 2:1 olanda həyəcanımız daha da artdı. Düşünürəm ki, çox gözəl bir oyun oldu. Baş məşqçimiz Qurban Qurbanov başda olmaqla bütün komandamızı təbrik edirəm". Fanat.az xəbər verir ki, bu sözləri qol.az-a "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan kubokunun finalında "Neftçi"yə qalib gəldikləri oyundan sonra (3:1) deyib.
Klub rəsmisi komandasının bu oyuna çox yaxşı hazırlaşdığını bildirib: "1993-cü ildə Ağasəlim Mircavadovla bu uğuru qazanmışdıq. Yenə də biz bu uğura azərbaycanlı məşqçi ilə nail olduq. Bununla qürur duyuruq. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Komandada yüksək motivasiya var idi. Çalışacağıq bundan sonra daha da yaxşı nəticələr qazanaq və azarkeşlərimizi sevindirək. Artıq komandamız Çempionlar Liqasına hazırlaşacaq. Qurban Qurbanovun qərarından sonra komandadan gedənlərin və qalacaq olanların adları açıqlanacaq".
Fanat.az