Türkiyə Super Liqasının XXX turu çərçivəsində keçirilən "Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq dayandırılıb. Fanat.az xəbər verir ki, matçın dayandırılmasına səbəb meydan sahiblərinin azarkeşlərinin hərəkətləri olub.
"Hüseyin Avni Aker" stadionunda keçirilən oyunda komandalarının biabırçı hesabla geridə (0:4) olmasını həzm edə bilməyən trabzonlu azarkeşlər tribunalardakı oturacaqları və başqa yad cisimləri meydana atmağa başlayıblar. Bu vaxt oyun qısa müddətə dayandırılsa da, sonradan davam etdirilib.
Ancaq bir neçə dəqiqə sonra yerli azarkeşlərdən biri meydançaya girərək, əlavə köməkçi hakim Volkan Bayarslana zərbə endirib. Fanat yerə yıxılmış hakimi təpikləməyə başlayıb.
Meydançaya başqa azarkeşlərin də daxil olduğunu görən matçın baş hakimi Bülənt Yıldırım oyunu yarımçıq dayandırıb və hər iki komanda paltardəyişmə otağına yollanıb.
Fanat.az