Stenli Brard: “Öyrənməli çox şey var” - MÜSAHİBƏ

Stenli Brard: “Öyrənməli çox şey var” - MÜSAHİBƏ

“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası otən ay Hollandiyada səfərdə oldu. Bir qədər əvvəl “Bakcell U-14 Elit Kuboku”nun qalibi olmaqla kluba movsumun ilk medallarını qazandıran Xaqani Məmmədovun yetirmələrinin “Zanbaqlar olkəsi”nə səfər proqramı zəngin olub.

“Texel Cup” turnirində iştirak etmək məqsədilə “Zanbaqlar ölkəsi”nə yollanan komanda biri yoldaşlıq matçı olmaqla, 5 oyunda qüvvəsini sınayıb. 15 yaşlılar “Texel Cup” çərçivəsində keçirdiyi görüşlərdə “Tvente”yə və “Teksel 94”ə minimal hesabla (1:2 və 0:1) məğlub olub, “Feyenoord” və “Qroningen”lə heç-heçə oynayıb (hər ikisində 0:0), “Alkmaar”a qalib gəlib - 1:0.

Bəs səfərin “Qəbələ”li yeniyetmələrə nə faydası olub? “Qırmızı-qaralar” Avropadan hansı təəssüratla qayıdıblar? "Qəbələ İK" qəzetinin suallarını kollektivlə birgə səfərdə olan “Qəbələ” Futbol Akademiyasının direktoru Stenli Brard cavablandırıb.

- Hollandiyadan hansı təəssüratla qayıtdınız?

- Səfər təəssüratlarımız zəngindi. Öncə qeyd edim ki, səfər akademiyamızın yeniyetmə futbolçuları üçün yaxşı təcrübə oldu. Futbolçularımız fərqli futbol düşüncəsi, həyat tərzi, qidalar və s. gördülər. Onlar Avropanın böyük, gözəl və tarixi şəhərlərindən olan Rotterdamla tanış oldular. Şəhərin ən böyük idman arenası, “Feyenoord” klubunun çıxış etdiyi möhtəşəm “Feyenoord Stadium”la tanış oldular. İnanıram ki, futbolçularımızın səfərdə görüb-götürdükləri onlarda xoş təəssürat oyatdı və həyat təcrübəsini xeyli zənginləşdirdi.

- “Qəbələ” Hollandiyada 6 oyun keçirdi. Futbolçularımız üçün bu matçların nə faydası oldu?

- Vətənimdə ilk oyunu Hollandiyanın adlı-sanlı klublarından olan ”Feyenoord”a qarşı keçirdik. Bu yoxlama oyununda 1 top fərqi ilə məğlub (2:3) olsaq da, futbolçularımız yaxşı oyun göstərdilər. Qalan 5 matç isə “Texel Cup” turniri çərçivəsində baş tutdu. İlk matçda “Tvente”yə uduzsaq da, komandamızın oyunu məni yaxşı mənada təəccübləndirdi. Bütün məşqçi heyəti futbolçulardan razı qaldı. Yetirmələrimiz bu oyunlarda holland futbolu ilə əyani tanış oldular və taktiki cəhətdən yeniliklər əldə etdilər. Düşünürəm ki, səfər həm də bu baxımdan futbolçularımız üçün faydalı oldu.

- Hesablara əsasən, “Qəbələ” futbolçularının hollandiyalı yaşıdlarından çox da geri qalmadığını söyləmək olarmı?

- “Qəbələ” futbolçuları “Feyenoord” la ikinci oyunda heç-heçə oynadılar, “Alkmaar”a isə qalib gəldilər. Nəzərinizə çatdırım ki, “Alkmaar” və “Feyenoord” komandaları Hollandiyanın müvafiq yaş qrupu üzrə ölkə birinciliyində 1-ci və 2-ci yerlərdə gedirlər. Buna əsasən deyə bilərəm ki, həm göstərdiyimiz oyun səviyyəsindən, həm də nəticələrdən razı qaldım. Amma öyrənməli hələ çox şey var.

- Elə isə futbolçularımız əcnəbi yaşıdlarından hələ nələri öyrənməlidirlər?

- Bu başdan deyim ki, “Qəbələ” futbolçuları ilə əcnəbi yaşıdları arasında fərqlilik var. Məsələn, “Qəbələ”nin 14 yaşlıları bu ildən başlayaraq 11 futbolçu ilə oynayırlar. Halbuki, rəqiblərimiz artıq 3-cü mövsümdür meydançaya 11 nəfərlə çıxırlar. Futbolçularımız əvvəllər 11-lik sistemlə oynamadığından oyun quruculuğunda çətinlik çəkir, mövqe səhvlərinə yol verirdilər. Ancaq müsbət haldı ki, futbolçular bu yeniliyə çox tez alışdılar.

- Gələcəkdə Hollandiyaya yenə səfər gözlənilirmi?

- Ümid edirəm, olacaq. Təşkilatçılar növbəti ildə də bizi Hollandiyada görmək istədiklərini dedilər. Amma bu dəvəti öncə klub rəhbərliyi ilə müzakirə edəcəyik. Ümid edirəm ki, gələn ildə də səfərimiz baş tutacaq. Çünki belə səfərlərin yeniyetmə futbolçularımız üçün faydası böyükdü.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər