Argentina millisinin və "Barselona"nın forvardı Lionel Messinin böyük qardaşı Matias barəsində ötən ilin oktyabrında "Audi A5" maşınında qeyri-qanuni silah gəzdirdiyinə görə hökm çıxarılıb. Onun maşınından 22 güllə tapılmışdı.
Fanat.Az xəbər verir ki, hakim Qonsalo Lopes Kintananın başçılıq etdiyi məhkəmə 34 yaşlı Matiası icbari işlərlə cəzalandırıb. Qarşıdakı 1 ildə o, Rozario şəhərindəki futbol klubunun uşaq məktəbində həftədə 4 saat fiziki və texniki məsələlərdən dərs deməlidir.
Bundan başqa Matias narkotik və alkoqol qəbul etməməli, yaşayış yerini dəyişdirməməli və 530 dollar cərimə ödəməlidir.
Qeyd edək ki, o birinci dəfə deyil ki, polisə düşür. 2008-ci ilin oktyabrında da kəmərində silah gəzdirdiyi üçün Matias Messi tutulmuşdu.
Fanat.Az