“Çətindi, hər şeyə sıfırdan başlamağa məcburuq. Çalışırıq təməli elə quraq ki, komanda uzun müddət ayaqda ola bilsin”. Fanat.az xəbər verir ki, bu sözləri növbəti mövsümdən Premyer Liqada çıxış edəcək Gəncənin “Kəpəz” klubunun baş məşqçisi Şahin Diniyev deyib.
Baş məşqçi klubun mətbuat xidmətinə verdiyi açıqlamada klubun iyulun 1-dən hazırlığı Bakıda davam etdirdiyini və tədricən komandanın kompleksləşdiriləcəyini bildirib: “Uşaqlar səylə hazırlaşırlar. Heyət hələ tamamlanmayıb, komanda formalaşmayıb. Mənə elə gəlir ki, ikinci təlim-məşq toplanışından sonra komanda tam hazır olacaq”.
Şahin Diniyev bəzi mövqelər üzrə çatışmayan oyunçularının olduğunu da qeyd edib: “Hazırlığa gec başlamağımız yerli futbolçular tapmaq işini çətinləşdirib. Boşluqlarımızı legionerlərin hesabına doldurmağa çalışacağıq. Legionerlər üçüncü təlim-məşq toplanışında bizə qoşulacaqlar. Əcnəbilərin sayı məhdud olacaq”.
Baş məşqçi komandanın məqsədlərindən də danışıb: “Əsas uğurlu çıxış etməkdi. Azarkeşlər qələbə istəyəcək. Amma indiki halda bizə vaxt lazımdı. Qarşıdakı mövsüm üçün ilk altılıqda olmağa çalışacağıq. Sonrakı mövsüm iddialı olacağıq. Gəncə futbolu həmişə iddialı olub. “Kəpəz”in iddiasını geri qaytarmalıyıq. Ona görə çalışmaq lazımdı”.
Fanat.az