Braziliyada keçirilən dünya çempionatında yarımfinalçılar məlumdu. DÇ-nin yarımfinalında Hollandiya, Argentina, Braziliya və Almaniya mübarizə aparacaq.
Mundial necə yadda qaldı, hansı komanda təəccübləndirdi, hansı təəssüfləndirdi? Bu komandaların yarımfinalda olması ədalətlidirmi? Bu sualları milli komandamızın keçmiş baş məşqçsi Şahin Diniyev cavablandırıb.
Mütəxəssis ədalətli çempionatın keçdiyini bildirib: "Deyərdim ki, bu, ən ədalətli çempionat oldu. Çünki komandaların hamısı ədalətli şəkildə öz yerini tutdu. Bir sözlə, hər komanda göstərdikləri oyuna layiq də nəticə qazandı. Təsadüfi heç nə olmadı. İlk gündən bir komandanın azarkeşi olmuşam, birinin də mütəxəssis kimi oyununa aşiq olmuşam. Azarkeşi olduğum komanda Argentinadı. Amma oyun üslubuna görə Almaniya bir mütəxəssis olaraq məndə başqa bir təəssürat yaratdı".
Diniyev uğursuz çıxışla onu təəccübləndirən komandalardan da danışıb: “İtaliya, İspaniya, İngiltərə, Portuqaliya kimi komandalar azarkeşlərini təəssüfləndirdi. Ancaq hər şey qanunauyğun şəkildə idi. İspaniyanın zəif çıxışının səbəbi “Barselona” və “Real”ın futbolçularının böyük təzyiq altında olmaları ilə bağlıdı. İngiltərədə təcrübəlilərlə gənclərin vəhdətini qurmaq mümkün olmadı. Portuqaliyada isə ulduzlar yığını var idi, amma kollektiv yox idi, məşqçi işi yox idi, hərə özü üçün oynayırdı".
Şahin bəy Braziliyanın oyununa da rəy bildirib: "Braziliyanın bura qədər gəlib çıxmasında bəxt, azarkeş, hakim amili olub. Braziliya millisi həmişə güc və yaradıcı oyunun hesabına irəli gedirdi. Braziliyanı finalda görmürəm. Bu oyunla onların çempion ola biləcəyini düşünmürəm”.
publika.az