Münhen "Bavariya"sının idarə heyətinin sədri Karl Hants Rummenige FİFA və UEFA-nı kəskin tənqid atəşinə tutub. Fanat.az xəbər verir ki, 1982-ci ildə Almaniya yığmasının heyətində dünya çempionatının gümüş mükafatına layiq görülmüş sabiq hücumçu ali qurumları milli komandaların çoxlu sayda oyun keçirmələrinə görə pisləyib.
Rummenige fikirlərini bu cür səsləndirib: "Yığma komandalarda futbolçuların yüklənməsi çoxdan bütün sərhədləri adlayıb. Bunun məsuliyyəti bütünlüklə FİFA və UEFA-nın üzərinə düşür. Buna görə də onlar tezliklə bu məsələyə yenidən baxmalıdırlar. Biz futbolun səviyyəsini artırmalıyıq. Bir yolu var: FİFA və UEFA oyunçuları zəhərləməməlidir. Bu, keyfiyyətdə öz əksini tapmalıdı, kəmiyyətdə yox".
Fanat.az