İngiltərənin "Stok Siti” klubunun hücumçusu Piter Krauç avtobioqrafiyasında portuqaliyalı forvard Kriştiano Ronaldo haqqında maraqlı hadisə danışıb. Həmin vaxt Ronaldo "Mançester Yunayted” klubunda forma geyinirdi.
Krauçun sözlərini "Daily Mail” nəşri yayımlayıb: "Rio Ferdinand deyirdi ki, bir dəfə Kriştiano Ronaldo lüt vəziyyətdə güzgünün qabağına keçərək, dedi: "Mən necə də yaraşıqlıyam”. "Yunayted"in digər futbolçuları isə onu qıcıqlandırmaq qərarına gəldilər: "Fərqxi yoxdu. Onsuzda Leo Messi səndən daha yaxşı futbolçudu". O isə gülümsəyərək cavab verdi: "Hə, elədi. Ancaq Messi mənim kimi görünmür”.
Qeyd edək ki, Ronaldo "qırmızı şeytanlar”ın heyətində 2003-2009-cu illərdə çıxış edib, üç dəfə İngiltərə Premyer Liqasının qalibi olub, iki dəfə - İngiltərə Liqa Kubokunun.
Bundan əlavə o, "Mançester Yunayted”lə İngiltərə Kuboku və Super Kuboku, eləcə də Çempionlar Liqası və klublararası dünya çempionluğunu qazanıb.
"Mançester Yunayted”in heyətində portuqaliyalı bir dəfə "Qızıl top”a sahib çıxıb. Digər dörd "Qızıl top” mükafatını isə Ronaldo "Real”ın heyətində qazanıb. Cari mövsümdən portuqaliyalı İtaliyanın "Yuventus” klubunda çıxış edir.
Messi karyerası ərzində yalnız "Barselona” klubunda oynayıb. Onun da hesabında beş "Qızıl top” mükafatı var. (oxu.az)
Fanat.Az