Rəşad Sadıqov: "Vaxtımız çox azdı"

Rəşad Sadıqov: "Vaxtımız çox azdı"
"Hazırlığımız proqram üzrə davam edir. Oyuna ciddi hazırlaşırıq". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Rəşad Sadıqov deyib.
Mayın 20-dən ABŞ-da təlim-məşq toplanışında olan və mayın 27-də San Fransisko şəhərində bu ölkənin yığması ilə yoldaşlıq oyunu keçirəcək millimiz hazırlığını davam etdirir. Komandamızın kapitanı oyunla bağlı fikirlərini bildirib: "Bizim üçün vacib qarşılaşmadı. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. ABŞ yığmasıyla oyun, ola bilsin, Bolqarıstan millisi ilə görüş öncəsi son yoxlama matçı oldu. Hərçənd avqust ayında da yoldaşlıq görüşündə qüvvəmizi sınaya bilərik. Vaxtımız çox azdı. Düzdü, klub səviyyəsində məşqlər etsək də, milli komandanın düşərgəsinə 2-3 aydan bir gəlirik. Ona görə də ABŞ millisi ilə oyuna ciddi yanaşırıq. Çalışacağıq ki, yaxşı oyunla yanaşı yaxşı nəticə əldə edək".
Rəşad komandada ab-havanın normal olduğunu bildirib: "Uzaq yol qət etməyimizə baxmayaraq, komandada əhval-ruhiyyə pis deyil. Mövsümün sonudu deyə, müəyyən yorğunluğun olması təbiidi. Baş məşqçi Berti Foqtsun rəhbərliyi altında maraqlı və şən məşqlər keçirik. O, bizim yaxşı əhval-ruhiyyədə olmağımız üçün çalışır. Təbii ki, əsas diqqətimizi oyuna yönəltmişik. Yaxşı nəticə əldə etsək, əhvalımız daha da yaxşı olacaq".
"ABŞ yığmasının bizə qarşı hansı heyətlə oynayacağını bilmirik. Dünya çempionatı öncəsi onların 3-4 yoxlama görüşləri olacaq. Meydana hansı futbolçunun çıxmasından asılı olmayaraq, gərgin mübarizə gedəcək. Dünya çempionatı ərəfəsində hər bir futbolçu baş məşqçinin etimadığını qazanmaq üçün çalışacaq. Bizim üçün ən böyük problem saat fərqinin olmasıdı. Zənnimcə, oyun gününədək uyğunlaşma prosesini aradan qaldırıb, oyuna tam yaxşı formada çıxacağıq" deyə Sadıqov əlavə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər