“İnanın ki, Lənkərana səfər etməyi sizdən və azarkeşlərdən çox özüm istəyirəm”. Fanat.az-ın məlumatına görə, bunu “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik deyib.
Ötən ay Rumıniyanın ÇFR klubuyla yolları ayıran Rednikin “gəmiçilər”in baş məşqçisi postunda Con Toşakı əvəzləyici gözlənilirdi. Ancaq “ağ-yaşıllar” uelsli mütəxəssislə yola davam etməyi məqsədəuyğun saydı. Buna rəğmən, rumıniyalı çalışdırıcı yaxın vaxtlarda Azərbaycana səfər edib, lənkəranlı azarkeşlərlə görüşəcəyini söyləmişdi. Amma bu gedişlə, bir müddət öncə azarkeşlərin onun şərəfinə keçirdiyi mini-futbol turnirinə də gəlməyən mütəxəssis yenə vədinə xilaf çıxacaq: “Klub rəhbərliyi ilə görüşüm olacaq. Ciddi heç nə baş verməsə, yeni komandamla müqavilə bağlayacağam. Ad açıqlamayacağam, Belçika təmsilçisi olduğunu deyə bilərəm. Belə vəziyyətdə Azərbaycana gəlməyim mümkünsüzdü. İlk növbədə işimi həll etməliyəm. Ondan sonra azarkeşlərlə görüşmək üçün vaxt müəyyənləşdirəcəyəm. Cənublu fanatlardan üzr istəyirəm. Sağlıq olsun, ciddi heç nə baş verməsə, qışda 100 faiz gələcəyəm”.
“Futbol+”