Zaman sürətlə ötüb keçir. Dünyanın əksər çempionatlarında qış fasiləsi bitib. Bizi yaxından maraqlandıran iki ölkədə də tezliklə "buzlar əriyəcək”. Söhbət Rusiya və Qazaxıstandan gedir.
Təxirə salınan "Soçi”-"Orenburq” görüşünü nəzərə almasaq, fevralın 28-ə təyin olunan "Krılya Sovetov”-"Samara” qarşılaşmasıyla Rusiya Premyer Liqası qaldığı yerdən davam edəcək. Qazaxıstanda isə yeni mövsüm martın 7-də start götürür. Düzdü, buna qədər mövsümün ənənəvi açılışı baş tutacaq. Qazaxlar çoxdandı ki, bizim bacarmadığımızı edir, yəni Superkubok oyunu keçirirlər. Bu dəfəki qarşılaşmada "Astana” ilə "Kaysar” fevralın 29-da üz-üzə gələcəklər.
Bütün bunları əbəs yerə xatırlatmıram. Xüsusiylə da Qazaxıstan və Rusiya çempionatlarının başlanması həm də o demək olacaq ki, oranın klubları Emil Balayevlə Ramil Şeydayevə ehtiyac duymadan yollarına davam edəcəklər. Bu iki futbolçu milli komandamızın "göz bəbəyi”di. Sevinirdik ki, Azərbaycana möhkəm bağlılığı olan, milli komandamız üçün meydanda can qoyan bu iki futbolçu legioner həyatı yaşayır, daim yüksək səviyyədə çıxış edirlər. Bizim səkkiz komandadan ibarət çempionatımızda futbol oynamaq gün keçirib, pul qazanmaq kimi bir şeydi. Burda oynaya-oynaya artırmaq, Avropa futbolunun səviyyəsinə ayaq uydurmaq mümkünsüzdü.
Emillə bağlı məsələ aydındı. Onun "Tobol”dan ayrılması təkcə özündən asılı olan məsələ deyildi. Bundan sonra harda qərar tutacağı, karyerasını harda davam etdirəcəyi də təxminən elədi. Azərbaycanlı qapıçının adı, marka dəyəri elə də yüksək deyil. Düzdü, Emil üçün ötən mövsüm uğurlu oldu. Həm klubunda, həm də millidə yaxşı çıxış etdi, diqqətləri üzərinə çəkdi. Amma unutmayaq ki, onun parladığı klub Qazaxıstan çempionatında mövsümü 4-cü sırada bitirdiyi "Tobol”, oynadığı milli isə qrupda 1 xalla sonuncu olan Azərbaycan idi. Deməli, skaut və menecerlərin gözünə girmək, səviyyəli klublardan dəvət almaq indiki halda inandırıcı görünmür. Ümid elə Qazaxıstanın digər adlı-sanlı klublarına, yaxud da Rusiyanın ortabablarına idi. Görünən odu ki, Balayevə oralardan da ciddi maraq göstərən yoxdu.
Ramil Şeydayevlə bağlı məsələ isə daha qəlizdi. Hücumçumuz "Zenit”i tərk edib, Azərbaycan vətəndaşlığını qəbul edəndən bəri heç cür özünü doğrulda bilmir. "Krılya Sovetov”dakı qısa dönəm və Azərbaycan millisində vurduğu qollar istisnadı. Hansısa klub hücumçunu dəvət edəndə epizodik qollara, qısa müddətli parlamağa baxmır. Ramilin "Dinamo”da özünü göstərə bilməməsi, xüsusiylə də uzun müddət əsas heyətdəki yerini itirməsi onun əleyhinə işləyən amildi. Ən pisi isə Şeydayevin "Dinamo”dan narazı ayrılması, təzminat tələbiylə Rusiya Futbol İttifaqına şikayət ünvanlamasıdı. Yəqin ki, artıq sizin də xəbəriniz var. Moskva klubu Ramil qarşısında yerinə yetirmədiyi öhdəliklərə görə cəzalandırılıb və bu problem həll edilməyənə qədər "Dinamo” yeni futbolçu transfer edə bilməz.
Sözün qısası, Ramil hazırda "Dinamo” üçün başağrısına çevrilib, klubuna başağrısı verir. Bu isə digər klublar üçün də həyacan siqnalına çevriləcək. Heç kim istəməyəcək ki, problemli, eləcə də az qol vuran, legioner sayılacaq hücumçunu heyətinə qatsın, özünü təhlükəyə atsın. Ramil üçün Rusiya klublarının qapısının bağlandığını təxmin etmək çətin deyil. Kaş ki, biz yanılaydıq və Ramil Azərbaycana qayıtmağa məcbur olmazdı....
Amal ABUŞOV, Sport7.az