"Sizi yenidən görməyimə şadam. Bu, Çempionlar Liqasında yeni səhifədi və biz böyük uğura nail olmaq istəyirik". Fanat.az xəbər verir ki, bu sözləri "Qaarbağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Sabah Çempionlar Liqasında "Rudar"ı (Çernoqoriya) qəbul edəcək Ağdam klubunun baş məşqçisi bu gün mətbuat konfransı keçirib: "Ötən mövsüm çox istədik ki, Çempionlar Liqsında daha uğurlu nəticə əldə edək. Alınmasa da, fikrimcə, uğurlu mövsüm keçdi. Həmin nəticədən sonra bu mövsüm məndən daha böyük uğur tələb olunacaq. Çalışacağıq maksimum dərəcədə uğurlu çıxış edək".
Qurbanov hazırlıq dövründən danışıb: "Fasilədə çalışdıq komandanı normal səviyyəyə gətirək. Tam istədiyimiz kimi olmadı. Amma pis də deyil".
"Qarabağ"ın baş məqçisi rəqib haqda fikir bildirib: “Rudar” gözləmədiyimiz rəqibdi. Rəqibi yaxından tanıya bilmədik. Çünki 5 yeni oyunçuları da var. Komandanın oyun üslubunu bəyəndim. Topla oynamağı xoşlayırlar. Bu cür komandaların futbolçuları xarakter nümayiş etdirirlər. Biz nə qədər təhlil etsək də, onları yalnız ilk oyunda daha yaxından tanıyacağıq. Çernoqoriya çempionuna qarşı çıxış edəcəyik. Çalışacağıq sabah az səhv edək, lazımi anlarda lazımi dəyişiklikləri edək”.
Baş məşqçi heyəti müəyyənləşdirdiyini deyib: "Start heyətini demək olar ki, müəyyənləşdirmişəm. Problem olmasa, ilk dəqiqələrdən kimlərin meydana çıxacağını bilirəm".
Qurbanov problemlərin hər zaman olduğunu bildirib: "Problemlər həmişə var. Heç vaxt tam razı qalmaq olmaz. Hələ oyun keyfiyyəti yoxdur. Daha bir neçə oyun keçirməyimiz lazımdır. Həm də heyətə bir neçə gənc futbolçu cəlb olunub. Oyun üslubumuzda xüsusi dəyişiklik etmək barədə düşünmürük, əksinə, daha da yaxşılaşdırmaq istəyirik".
"Qarabağ"ın baş məşqçisi futbolçulara oruc qadağası qoyulmadığını deyib: "Oruc tutmağa qadağa qoyulmayıb. Kimsə oyun günü oruc tutmasa, problem deyil. Kim güclüdü, onlar da meydanda olacaq".
Fanat.az