Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Bursaspor” klubuna təklif olunub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, ardıcıl uğursuz nəticələrdən sonra “Bursaspor” rəhbərliyi baş məşqçi Hamza Hamzaoğluna iradını bildirib. Təcrübəli çalışdırıcı da şifahi şəkildə istefa verdiyini bəyan edib. Doğrudu, rəhbərlik onun istefasını qəbul etməyib. Ancaq məsələyə bu gün yenidən baxılması qərara alınıb.
Hamzaoğlunun mümkün ayrılığını nəzərə alan klub baş məşqçi axtarışlarına da başlayıb. Artıq bir neçə namizəd müəyyənləşdirilib. Belə ki, Yılmaz Vural, Tayfun Korkut və İrfan Buzun bu postu tutması istisna deyil.
Bunlarla yanaşı, klub rəsmilərindən biri Prosineçkini rəhbərliyə təklif edib. Onun “Kayserispor”da və Azərbaycan millisindəki nəticələri, həmçinin Türkiyə üçün yad sima olmaması xorvatın ön plana çıxmasını şərtləndirib .
Doğrudu, Azərbaycan yığması Robert Prosineçkinin rəhbərliyi altında dünya çempionatının cari seçmə mərhələsini uğurlu keçirir və hazırkı məqamda onun gedişi çətin görünür. Ancaq “Bursaspor”un Türkiyənin iddialı klublarından biri olması xorvatiyalının fikrini dəyişə bilər.
Qeyd edək ki, Robert Prosineçki yığmamızın “sükanı arxası”na 2014-cü ilin dekabrında keçib. (Apasport.az)
Fanat.Az