Qurban Qurbanov Juninyonun mümkün geridönüşü ilə bağlı danışdı

Qurban Qurbanov Juninyonun mümkün geridönüşü ilə bağlı danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 30-cu turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 2:1 hesablı qələbəni belə şərh edib:

"Futbolçularımı təbrik edirəm, yorğun qrafikdə oyunlarımız keçir, buna baxmayaraq yaxşı performans göstərdilər. Xarakter nümayiş etdirdilər. Rəqibə uğurlar arzulayıram, azarkeşlər isə əla idilər".

- Musa Qurbanlının zədəsi nə dərəcədə ciddidir?

Bərpa üçün vaxt lazım ola bilər. Məşqdə ağrı hiss etmişdi, xroniki zədədir.

- Buraxılan qolda Koxalskinin səhvi var idi, yoxsa rəqibin ustalığı idi?

Məncə, hər ikisi. Sanki qapıçımız zərbəni ciddiyə almadı, amma rəqib tərəfindən çox keyfiyyətli zərbə endirilmişdi.

- Ramil Şeydayevin bu gün şans qazanması özünü yaxşı tərəfdən göstərməsi ilə əlaqəlidir?

İşgüzar futbolçudur, məşqlərdə də heç bir problem yoxdur. Onun işgüzarlığına son dəqiqələrdə ehtiyacımız var idi.

- Kubok oyunu ilə bağlı İntizam Komitəsi iki həftədir araşdırma aparır, sizcə, bu necə haldır?

Məlumatım yoxdur, bu barədə indi sizdən eşidirəm.

- Juninyonun performansı aşağıdır, yayda onu geri qaytarmaq ehtimalı var?

Buna inanmıram. Meksika çempionatı yaxşı səviyyədədir. Gəlsə, "yox" demərəm, amma bu transfer hazırda çətin görünür.

- Yerli bazarda diqqətinizi cəlb edən oyunçular var?

Var, amma onların sahibləri var (gülür).

- Transfer pəncərəsində hansı zonanı gücləndirməyi planlaşdırırsınız?

Hər zonada oyunçuya ehtiyacımız var. Çalışırıq həm sayı, həm də keyfiyyəti artıraq, yeniliklərə ehtiyacımız var.

- "Sabah"ın kuboku qazanmağını istərdiniz, yoxsa "Zirə"nin?

Hər iki komandaya uğurlar arzulayıram, bu suala cavab vermək istəmirəm.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər