Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Avstriyanın "Zalsburq" klubunun baş məşqçisi Adolf Hütter ölkəsinə qayıtdıqdan sonra jurnalistlər üçün mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti "dünyanın sonu" hesab etmədiyini bildirib.
Hüttler Avstriya çempionatındakı uğurlu startdan sonra ağdamlılardan aldıqları məğlubiyyət barədə fikirlərini bu cür bölüşüb: "Çempionatdakı uğurlu startdan sonra göylərdə uçmurduq. İndi isə uduzduğumuza görə pərişan deyilik. Səfərdə olduqca vacib qol vurmuşuq. Komandamızda daxili ab-hava o qədər gözəldi ki, bir oyuna görə ruhdan düşməyimiz qeyri-mümkündü".
43 yaşlı mütəxəssis Avstriya mətbuatının "bostanına daş atmağı" da unutmayıb: "Bu məğlubiyyəti fiasko adlandıran mətbu orqanları ilə razı deyiləm. Hesab edirəm ki, "Qarabağ"a uduzmağımız lap yerinə düşdü. Bu yenilgi bizi daha diqqətli və əzmkar olmağa sövq edəcək. Əlbəttə, nəticədən razı deyiləm. Çünki meydanda baş verənləri əks etdirmir. İlk yarıya pis başladıq və bunun acı nəticəsini daddıq. Lakin fasilədən sonra meydanda ağalıq edirdik".
Fanat.az