"Bilirdik ki, çox çətin qarşılaşma olacaq. "Neftçi"nin hazırda turnir cədvəlində aşağı pillələrdə qərarlaşmasına baxmayaraq, həmişə yaxşı komanda olub. Qələbə qazandığımıza görə çox şadıq. Oyun zamanı bəzi istəklərimizi həyata keçirə bilmədik. Əsas odu ki, 3 xalı qazanmağa nail olduq".
Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev Premyer Liqanın XXII turunda "Neftçi"ni məğlub etdikləri (2:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Qarabağ"ın heyətində debüt edən futbolçu öz oyunu haqqında fikirlərini bildirib: "Zədə səbəbindən 1 ay idi ki, oynamaq şansı qazanmırdım. Tam formada deyiləm. Çalışacam ki, formamı bərpa edim və komandaya tam gücümlə kömək edim".
"Qarabağ" - "Neftçi" matçına marağın böyük olduğunu bildirən millimizin üzvü deyib: "Özünüz də gördünüz ki, Azərbaycan derbisinə maraq böyük idi. Bir neçə il öncə Azərbaycanda ən reytinqli oyun "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçirilirdi. Amma "Xəzər Lənkəran"ın durumu hazırda həmin intriqanı yarada bilmir".
Fanat.az