"Xəzər Lənkəran"dan üçüncü kapitan, 27-ci milli üzvü

"Xəzər Lənkəran"dan üçüncü kapitan, 27-ci milli üzvü

2015-ci ildə son matçını keçirən Azərbaycan milli komandası Moldova ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada 2:1 hesabı ilə qalib gələn yığmamızın heyətində “Xəzər Lənkəran”ın 2 futbolçusu meydana çıxıb. 

90 dəqiqə meydanda olan Rahid Əmirquliyev ardıcıl 8-ci oyunda əvəzolunmadan iştirak edib. O, 2015-ci ildə yığmanın heyətində bütün qarşılaşmalarda 90 dəqiqə forma geyinən yeganə oyunçudu.

 

Millidə 48-ci oyununu keçirən Əmirquliyev ilk dəfə komandanın kapitanı olub. O, yığma tarixinin 25-ci kapitanıdı. Yarımmüdafiəçi millidə buna layiq görülən 3-cü “Xəzər Lənkəran”lıdı. 2007-ci il oktyabrın 17-də Serbiya ilə "AVRO-2008"in Bakıdakı seçmə oyununda (1:6) yığmamızın kapitanı Ceyhun Sultanov həmin vaxt “ağ-yaşıllar”ın üzvü idi. 2012-cü il noyabrın 14-də "DÇ-2014"ün Şimali İrlandiya ilə Belfastdakı görüşündə (1:1) "Xəzər Lənkəran"ı təmsil edən Ruslan Abışov kapitan olmuşdu.

 

Ümumilikdə isə Əmirquliyev millidə keçirdiyi oyunların 48-də də “Xəzər Lənkəran”ı təmsil edib. Onun kimi Moldova ilə oyunda iştirak edən Elşən Rzazadə sonradan meydana çıxıb. 22 yaşlı yarımmüdafiəçi 63-cü dəqiqədə oyuna daxil olub. Karyerasında ilk dəfə milli forma geyən Rzazadə “Xəzər Lənkəran”ın tarixinə Azərbaycanın əsas yığmasında oynamış 27-ci təmsilçisi kimi düşüb. 

2004-cü ildən bu oyunadək “ağ-yaşıllar”ın 26 üzvü millinin matçlarında meydana çıxmışdı ki, onlardan sonuncusu olan Elnur Cəfərov ötən ay Bolqarıstanla Sofiyadakı görüşdə bu siyahıya daxil olmuşdu. Əmirquliyevin başçılıq etdiyi bu cədvəldə Kamran Ağayev (31), Elnur Allahverdiyev (19), İlqar Qurbanov (16), Branimir Subaşiç (12), Emin Quliyev (11) və Vüqar Nadirov (11) da ön sıralardadı.

 

"Xəzər Lənkəran"ın digər futbolçusu Elnur Cəfərovun çıxış etdiyi U-21 millisi isə "AVRO-2017"nin seçmə mərhələsi çərçivəsində evdə Rusiyadan olan həmyaşıdlarını 3:0 hesabı ilə darmadağın edib. Elnur start heyətində yer alıb və 63 dəqiqə meydanda olub.

 

Həmçinin bu həftə U-17 milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. "Xəzər Lənkəran"ın iki futbolçusu - əvəzedici və U-17-nin aparıcı üzvləri Kənan Həsənov və Kamal Dənziyev də toplanışa çağırılıblar.(lankaranfc.com)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər