"Xəzər Lənkəran" Premyer Liqanın VIII turunun hazırlıqlarına başlayıb. Fanat.az "12cioyuncu.info" saytına istinədən xəbər verir ki, növbəti həftə "Rəvan"ın qonağı olcacaq komanda bu gün səhər saatlarında Lənkəran şəhər stadionunun ehtiyat meydançasında məşqə çıxıb.
Əvvəlcə Emin Quliyevin rəhbərliyi ilə isinmə hərəkətlərini yerinə yetirən futbolçular daha sonra ikitərəfli oyunda iştirak ediblər. Bir saatdan çox sürən hazırlıq prossesi eyni qaydada daha iki gün təkrarlanacaq. Belə ki, komanda sentyabrın 30-da və oktyabrın 1-də hər gün saat 10.30-da başlayacaq daha iki məşq keçirəcək. Oktyabrın 1-də baş tutacaq hazırlığın ardından isə "Xəzər Lənkəran" doğma şəhəri tərk edərək Bakıya yollanacaq.
Hazırda iki futbolçu məşqlərdə iştirak edə bilmir. Belə ki, qida zəhərlənməsindən və qızdırmadan əziyyət çəkdiyi üçün "İnter"lə oyunu kənardan izləməli olan ispaniyalı yarımmüdafiəçi Eduardo Oriol qismən sağalsa da, bu günkü hazırlıqda fərdi məşqlə kifayətlənib. "İnter"lə oyunda çiynindən ağır zədə alan Mbila Etame isə hazırda müalicədədi. Kamerunlu futbolçunun "Rəvan"la görüşdə meydana çıxması sual altındadı.