Topaz Premyer Liqasının 2014/15 mövsümünə uğursuz start verən “Xəzər Lənkəran”da islahatlar başlayıb. Fanat.az apasport.az saytına istinadən xəbər verir ki, Lənkəran klubu 3 üzvü ilə yolları ayırıb.
Əvvəlcə klubun rəisi Səməd Mustafayev istefa verib. O, gedişinin səbəbini açıqlamayıb.
Daha sonra isə kamerunlu futbolçu Mbilla Etame və braziliyalı seleksiyaçı-məşqçi Mario Souza komandadan qovulub. 2013-cü ilin avqustunda “Xəzər Lənkəran”a yeni “ampluada” qayıdan sonuncunun fəaliyyəti cəmi 1 il davam edib. 2008-2010-cu illərdə futbolçu kimi “ağ-yaşıllar”ın formasını geyən braziliyalı bu klubda 77 oyunda 26 qol vurub.
“Xəzər Lənkəran” karyerası daha qısa olan Etame isə elə ötən ilin avqustunda transfer olunmuşdu. Afrikalı bu müddətdə keçirdiyi 41 matçda 15 qol vurmağı bacarmışdı.
Fanat.az