AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun müsahibəsi
- Premyer Liqanın ilk oyunu AZAL və “Xəzər Lənkəran”ın iştirakı ilə baş tutdu. Siz də bu matçı izlədiniz. Oyunun baş hakimi Rəhim Həsənovun idarəçiliyi ilə bağlı hansı fikirdəsiniz?
- İdarəçiliyindən razı qaldım. Hakimliyin səviyyəsi yaxşı idi. Heç bir kobud səhvə yol vermədi. 1-2 xırda follar var idi ki, bu də təbiidi. İstənilən oyunda baş verir. Ümumi briqadanın oyunundan razı qaldım.
- Şəhriyar Rəhimova göstərilən qırmızı vərəqəni düzgün hesab edirsiniz?
- Qırmızı vərəqə ikinci sarı vərəqəyə görə düzgün idi. Sürətli hücumun qarşısı alındı. Ona görə də hakim ikinci sarı vərəqə göstərdi.
- Komandaların oyunlarını izlədiniz. Necə təsir bağışladı?
- Xoşum gəldi. Açığı ilk oyun olmasına baxmayaraq gözəl idi. Adətən, ilk turda komandalar ehtiyatla oynayırlar. Məncə bu komandalar mövsümlərarası fasilədə bir-birindən xəbərsiz idi. Amma, yaxşı futbol oldu. Açığı "Xəzər Lənkəran" daha xoş təsir bağışladı.
- Deyə bilərik ki, çempionat maraqlı olacaq?
- Elə gözlənilir. Hesab edirəm ki, "Xəzər Lənkəran" elə indidən yüksək yerlər uğrunda mübarizə aparacaq.
- Maraq elə ilk turun 1-ci oyununun təxirə salınması ilə başladı?
- O da maraqlı faktdı. Çempionatın 1-ci oyunun təxərə salınması məsələsi yəqin ki, yaxın günlərdə öz həllini tapacaq.
futbol11.az