İran millisinin qapıçısı Əlirza Həqiqi "Xəzər Lənkəran"a keçə bilərmiş. Fanat.az xəbər verir ki, 26 yaşlı qolkiper qış fasiləsində cənub klubuna təklif olunub.
Lakin baş məşqçi Mustafa Dənizli onun xidmətindən imtina edib. Türk mütəxəssis əvəzində Orxan Sadıqlıya rəqabətdə uduzan Vyekoslav Tomiçi komandaya gətirib. Belədə, müqavilə ilə "Rubin"ə məxsus olan qapıçı Portuqaliyanın "Sportinq" (Kovilya) klubuna icarəyə verilib. Əlirza bu komandada 12 oyuna çıxıb və 1004 dəqiqə oynayıb.
Qeyd edək ki, Əlirza karyerasına İranın "Persepolis" klubunda başlayıb (2006-2012). 2012-ci ildə "Rubin"ə transfer olunan qapıçı Kazan klubunda heyətə düşməkdə çətinlik çəkib.
26 yaşlı qolkiper 2010-cu ildən dəvət aldığı İran millisində 8 oyun keçirib. DÇ-2014-ün iştirakçısı olan Həqiqi komandasının hər iki oyununda meydana çıxıb və 90 dəqiqə oynayıb. Nigeriya ilə oyunda qapısını toxunulmaz saxlayan Əlirza (0:0) Argentina ilə matçın 90+1-ci dəqiqəsində Lionel Messinin qoluna əngəl ola bilməyib (0:1).
Fanat.az