"Topaz"ın bağlanmasında kimin marağı var?

"Topaz"ın bağlanmasında kimin marağı var?

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev "Topaz" Mərc Oyunları şirkətinin bağlanılması ilə əlaqədar qanunun qəbul olunmasını təklif edib. Deputatın fikrincə, "Topaz"ın mövcudluğu hətta insanların özlərini öldürməsinə səbəb olur.

Məsələ geniş vüsət aldığı bir zamanda sizləri fərqli - obyektiv prizmadan yanaşmaya dəvət edirik.

Heç kimə sirr deyil ki, totalizator "qara bazar"da ayaq açıb yeriyir. Bu da faktdı ki, keçirilən çoxsaylı reydlər hər dəfə "qara bazar"ın mövcudluğu faktını ortaya qoyur. Amma... Burda maraqlı bir fakt üzə çıxır. Aşkarlanan "şəxsi totalizatorlar"ın neçəsi indiyədək tam şəkildə bağlanıb və işbazlar cinayət məsuliyyətinə cəlb olunub? Aşkarlanmaq və bağlanmaq - bunlar fərqli şeylərdi. Kimlər üçünsə aşkarlana bilər, lakin aradan qaldırmaq görünür müşkül məsələdi. Çünki hər bir "bukmeyker"in arxasında kimsə dayanır. Deməli, insanlar totalizatorda külli miqdarda pul uduzurlarsa, bunun 100 faizi heç cür "Topaz"a aid ola bilməz. 

Ancaq dərinliyinə varanda aydın olur ki, böyük məbləğlərin uduzluması nəticəsində insanların intihar etmələri ümumiyyətlə, "Topaz"la bağlı deyil. Niyə? Cavab sadədi. "Topaz" dövlət tərəfindən tanınan yeganə mərc şirkətidir və 18 yaşa çatmış istənilən vətəndaş müəyyən vəsait yatıraraq, ya həmin pulları uduza bilər, ya da dəfələrlə artıra bilər. Diqqət yetirin, vətəndaş nəğd pul ödəyərək, mərcə qoşulur. Bəs "qara bazar"da necədi? Həmin bazarın böyük oyunçularının bəsit sxemi var: SMS yollayaraq, proqnoz verirlər və hansı məbləğə oynadıqlarını yazırlar. Haqq-hesab çürütməyin vaxtı çatdıqda aydın olur ki, uduzan oyunçu SMS-də göstərdiyi vəsaitə sahib deyil. Nəticədə, kimisi evini satıb, ailəsini küçələrə tullayır, kimisi isə özünü öldürür.

Məlum olduğu kimi, "Topaz" nisyə "stavka" qəbul etmir. İndiyədək elə bir adama rast gəlmisiniz ki, evini satıb "Topaz"a yatırım etsin? Sual ritorikdi, çünki hər kəs bu şirkətlə əlində olan vəsaitə uyğun oynayır.

Deməli, intihar, evini, avtomobilini satıb mərcə qoyanlar məhz "qara bazar"ın qurbanlarıdı.

Bəs belə olduğu halda, dövlətə külli miqdarda vergi ödəyən, AFFA, habelə Gənclər və İdman Nazirliyinə əldə etdiyi gəlirin müəyyən faizini köçürən şirkətin bağlanmasında maraq nə ola bilər? Məgər hörmətli deputat istəmir ki, idmanımız inkişaf etsin? Məgər əldə olunan gəlirin müəyyən hissəsinin idmana xərclənməsi "Topaz"ın töhfəsi deyil? Olmaya "qara bazar" da vergi ödəyir?

Bəs bu təklifin arxasında nə dayanır? Yəqin ki, Milli Məclisin deputatı məsələdən səthi məlumatlandırılıb və bu üzdən də mərc oyunlarının törətdiyi fəsadların əsl kökündən xəbərsizdi. Ümidvarıq ki, göstərdiyimiz dəlillər tək cənab Həsənquliyevi deyil, digər deputatları da "qara bazar"la mübarizə aparmağa sövq edəcək. Özü də kağız üzərində yox, əməli işlə.

P.S. "Topaz"ın kisə-kisə reklampulu ödədiyi mətbu orqanları nədənsə "susmaq - qızıldı", əməlinə riayət edərək, məsələyə biganə qalıblar. "Topaz" rəhbərliyi topa tutulduğu bir vaxtda mövqelərini ortaya qoymayan KİV-lərin bu şirkətə necə dost olduğunu yəqin ki, indi özləri də gördü.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər