"Start-stop" hekayəsi

"Start-stop" hekayəsi

Hər şeyi edən o oldu. Bu gün sehirli güzgüsünün qarşısında dayanıb son tapşırığı  aldı. Fikirli idi. Nə edəcəyini bilmirdi. Şüşəli avtomat qapıdan çölə baxdı. Dəniz küləyinin fevral şaxtası ilə  etdiyi “yula” rəqsi onu avtomobilinə qədər müşayiət etdi. “Ağıllı qapı” əlini  tanıdığı üçün sahibinin üzünə açıldı.  O, avtomobilinə əyləşib “start-stop” düyməsinə incə barmaqları ilə toxunuş etmək istəyirdi ki, qəfil üşütmə onu haxladı. İndi nəinki barmağı, əli, hətta  bütün bədəni titrəyirdi. Bəlkə, Tanrıdan işarə idi bu...  Bəlkə, sehirli güzgüsünün “start” verdiyi xain plana Tanrı “stop” deyirdi. Nə edəcəyini özü də bilmirdi. Əvvəllər adi bir komandanı yerinə yetirən bu düymə indi onun içində vicdan axtarırdı.

Şəhərin müxtəlif yerlərində - ofis və redaksiyalarda həyat davam edirdi. “Facebook”da həmkarları ilə yazışan kim, telefonla danışan kim, kompyuterinin klaviaturasında “morz” əlifbasını yamsıladığından xəbərsiz xəbər hazırlayan kim. 

Bu şəhərdə axınla axanları, axına qarşı gedənlərdən sadəcə, fikir ayrılığı ayırmırdı. Səbəblər çox idi. Amma tədbirlərdə, səfərlərdə, işdən sonrakı yeyib-içmək, çay məclislərində bir araya gəlməyə də mane olmurdu bu səbəblər. Hərənin özünə görə həqiqəti vardı bu şəhərdə. Fərqli düşüncələri birləşdirən məclislər, nə vaxtsa düşüncələrin birləşməsinə də ümid işığı idi. Bu işıq qaranlıqda yatmağa öyrəşənləri də narahat edirdi. 

O, hələ də avtomobilində oturub fikirləşirdi. Oturacağa yayxanmaq istəyirdi ki, salonun güzgüsündə özünü gördü. Gülümsədi. Şeytan köməyinə gəlmişdi. Dərhal əlini “start-stop” düyməsinə toxundurdu. Avtomobil titrəyərək çənindən bir udum benzini (nefti) içinə çəkdi, işə düşdü. Pəncərəni aşağı salıb, neft qoxulu dəniz havasını ciyərlərinə çəkərək “başladıq” dedi.

Ertəsi gün bu şəhərin müzakirə mövzusu da fərqli idi. Axınla gedənlər “o qoltuqda kim əyləşəcək?”, “kimlər olacaq orda?” kimi suallarla strategiya hazırlayır, bir az da “xidmətləri” ilə gözə girməyə çalışırdılar.  Axına qarşı gedənlərin isə gücü tükənmişdi sanki. Axı, bu məkrli plan onların da sıralarından qurban aparacaqdı. Amma bir şey gün kimi aydın idi, fikir səslənibsə, deməli, plan cızılıb. 

“Mətbuat Komitəsi” yaradılacaq!

Əli Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər