Yeni mövsümün hazırlıqlarını davam etdirən "Simurq" təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 17-də Avstriyaya yollanıb. Fanat.az xəbər verir ki, Tirol bölgəsində yerləşən "Das Seivald" otelində məskunlaşan Zaqatala təmsilçisi gündə iki dəfə olmaqla məşqlərə başlayıb.
Komanda səhər və axşam hazırlıqlarında əsasən toplu çalışmalardan ibarət taktiki və texniki təmrinləri yerinə yetirir. Avstriya hazırlığı çərçivəsində "Simurq" beş yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Qarşılaşmalar iyulun 20-nə, 23-nə, 26-na, 29-na və avqustun 1-nə nəzərdə tutulub. Artıq Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi də məlumdu. "Sarı-qaralar" bu gün Bakı vaxtı ilə 20.00-da "Makkabi" (Hayfa) klubu ilə qarşılaşacaq.
"Simurq" transfer çalışmalarını da dayanmadan davam etdirir. Həm yerli, həm də legioner futbolçuları heyətə qatmağı nəzərdə tutan Zaqatala klubu yaxın günlərdə bir neçə futbolçu ilə rəsmi müqavilə bağlayacaq.
Qeyd edək ki, "Makkabi" ötən mövsüm Avropa Liqasının II təsnifat mərhələsində "Xəzər Lənkəran"ın rəqibi olmuşdu. İsraildə 2:0 hesablı qələbə qazanan komanda Lənkəranda 8 cavabsız qola sevinmişdi - 8:0.
Fanat.az