Avstriyada təlim-məşq toplanışında olan "Simurq" son yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Georgi Çixradze yetirmələrini Qətərin "Al-Sadd" klubu ilə oyunda sınayıb.
Hesabı 8-ci dəqiqədə "Simurq" açıb. 13-18-ci dəqiqələrdə iki qol vuran qətərlilər hesabda önə keçib. 50-ci dəqiqədə təmsilçimiz bərabərliyi təmin etsə də, 79-cu dəqiqədə "Al-Sadd" qələbə qolunu vurub - 3:2.
"Al-Sadd" klubu 1969-cu ildə yaradılıb. Komanda 13 dəfə Qətər çempionluğunu, 14 dəfə ölkə kubokunu, 2 dəfə Asiya Çempionlar Liqasını qazanıb, 2011-ci ildə kulblararası dünya çempionatının bürünc medallarına sahib çıxıb. Mərakeşli Hüseyn Amottanın başçılıq etdiyi komandada Braziliya, Mərakeş, Əlcəzair və Portuqaliyadan 4 legioner çıxış edir. "Real"ın və İspaniya millisinin əfsanəsi Raul Qonzales 2012-2014-cü illərdə bu komandada çıxış edib.
Qeyd edək ki, "Simurq" Sloveniya toplanışı zamanı 3 oyun keçirib. Sloveniya "Aluminiy"ini yenən (1:0) təmsilçimiz Makedoniya "Vardar"ı (2:2) və Xorvatiya "Lokomativa"sı (3:3) ilə sülh bağlayıb. Komanda Avstriyada da bundan əvvəl 3 oyun keçirmiş, Hayfa "Makkabi"sinə 0:2, Rusiya "Amkar"ına 1:4 hesabı ilə yenilən Zaqatala klubu Albaniyanın "Teuta" komandası ilə heç-heçə oynamışdı - 0:0.
Yoxlama oyunu
1 avqust
Simurq (Azərbaycan) - Al-Sadd (Qətər) 2:3
Fanat.az