"Rio-2016" Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Fanat.Az xəbər verir ki, bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edib.
Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.
Rəsulun 1/8 finalda rəqibi 2008-ci il Olimpiya Oyunlarının qalibi rusiyalı İslambəy Albiyev olub. Bu dəfə də 0:2 geridə olan Rəsul rəqibinə qalib gəlməyi bacarıb - 3:2.
Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.
Çunayevin finala gedən yolda növbəti rəqibi erməni Miqran Arutyunyan olub. Təəssüf ki, Rəsul rəqibinə 1:4 hesabı ilə uduzaraq qızıl medal qazanmaq şansını əldən verib.
Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edib. O, bürünc uğrunda ənubi koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.
Qeyd edək ki, güləş yarışlarının ilk günündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. İkinci gün isə Saman Təhmasibi (85 kq) 13-cü olubsa, ən ağır çəkidə (130 kq) mübarizə aparan Sabah Şəriəti 3-cü yeri tutaraq isə güləş yığmamıza ilk medalı qazandırıb.
Fanat.Az