"Rio-2016": Azərbaycan güləşdə ilk medalını qazandı

"Rio-2016": Azərbaycan güləşdə ilk medalını qazandı

Rio-de-Janyero Yay Olimpiya Oyunları davam edir. Fanat.Az xəbər verir ki, güləş yarışlarının ikinci günündə daha 2 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

85 kq çəki rədəcəsində mübarizə aparan Saman Təhmasibinin ardınca Sabah Şəriəti mübarizəyə start verib. 130 kq çəki dərəcəsində yarışan idmançımız Rioda 1/8 finalda debüt edib. Avropa Oyunları gümüş mükafatçısının ilk rəqibi amerikalı David Smit olub. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O, ilk hissədə 0:2 hesabı ilə geridə olsa da, ikinci hissədə özünə gəlməyi bacarıb. Nəticədə 8:2 hesabı ilə qalib gələn Şəriəti 1/4 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi türkiyəli Rıza Kayaalp olub. Güclü Kayaalp qarşısında heç nə edə bilməyən Şəriəti 0:5 hesablı məğlubiyyətə düçar olub. Buna baxmayaraq, idmançımız medal şansını itirməyib. Belə ki, türkiyəli güləşçi finala adladığı üçün Şəriəti bürünc medal üçün təsəlliverici görüşlərə qatılıb.

 

O, təsəlliverici görüşlərin ikinci mərhələsində venesuellalı Ervin Xose Kabrera Karaballo ilə mübarizə aparıb. Görüşü 8:0 hesablı qələbə ilə başa vuran idmançımız bürüncə bir addım da yaxınlaşıb. Mükafatçılar sırasına düşmək üçün onun son rəqibi almaniyalı Eduard Popp olub. Hesab 2:0 Sabahın xeyrinə davam edərkən rəqibinin kürəyini yer sıxmağı bacaran iranlı legioner tam qalib gəlib və güləş yığmamıza ilk medalı qazandırıb.

Qeyd edək ki, ilk gündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. Bu növ üzrə millimizdə sabah Rəsul Çunayev (66 kq) mübarizəyə qoşulacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər