Millinin Şimali İrlandiya üzərində 2:0 hesablı qələbə qazandığı oyunun əsas qəhrəmanlarından biri də Mahir Şükürov idi. Matç boyu özünü yaxşı tərəfdən göstərən, uzatma dəqiqələrində Rauf Əliyevin qazandığı cərimə zərbəsini ustalıqla yerinə yetirən futbolçunun Fanat.az-a verdiyi müsahibəni təqdim edirik.
- Öncə oyun haqda ümumi fikirlərini dinləyək.
- Görüş bizim üçün çox vacib idi. Bilirdik ki, Şimali İrlandiyanı Bakıda məğlub etməklə 8 xal toplayıb 4-cü yerə yüksələcəyik. Oyuna yaxşı hazırlaşmışdıq. Hamılıqla qələbəyə inanırdıq. Rəqibi evə əliboş göndərib tarixi qələbə qazandığımız üçün şadam.
- İlk yarıda yığma sönük futbol sərgilədi. Niyə?
- Çünki biz Şimali İrlandiyanın 4-4-2 sxemi ilə mübarizə aparacağını gözləyirdik. Onlar isə bu mənada sürpriz etmişdilər. 3-5-2 taktikasıyla başlamaları planlarımızı pozdu. Ancaq fasilədə Berti Foqts bizə fərqli tapşırıqlar verdi və müəyyən dəyişikliklərlə oyunumuzu düzəltdik.
- Matçın əsas qəhramanlarından biri oldun. Öz oyunun haqda nə deyə bilərsən?
- Futbol kollektiv oyundu. Nəticə komandanın ümumi zəhmətinin bəhrəsidi. Futbolçu üçün öz çıxışını dəyərləndirmək həmişə çətindi. Bacardığım qədər milliyə kömək etməyə çalışdım. Azarkeşləri sevindirməkdən gözəl nə ola bilər ki?
- Sonuncu uzatma dəqiqəsində cərimə zərbəsindən baxımlı qol vurdun. Topu tora göndərəcəyinə əmin idin?
- Hə. Rəşad Sadıqova dedim ki, ürəyimə damıb, bunu vuracam. Belə şeylər olur. Hədəfdən yayınmayacağımı hiss etmişdim. Kapitan da öz növbəsində mənə “sən vur mən də geri çəkilim, müdafiəni toparlayım, diqqətli olmalıyıq” söylədi. Doğurdan da əsl komanda kimi mübarizə apardıq və istəyimizə çatdıq.
- Rusiyanı necə, yenmək olar?
- Məğlubedilməz komanda yoxdu. Bu gün Roman Şirokovun açıqlamasını oxumuşam. Şimali İrlandiyanı udduğumuzu eşidəndə təəccübləndiyini gizlətməyib. Açığı, onun “nə, Azərbaycan qalib gəlib? Afərin!” sözləri qıcıqlandırıcıdı. Şirokov unutmasın ki, onun komandası da Bakıdan məğlub dönə bilər. Oktyabrın 15-də Rusiyaya uduzmağa hazırlaşmırıq. Sonadək döyüşəcəyik.
- “Bakcell Arena”da oynamaq xoş idi?
- Bu stadionun tribunaları meydana daha yaxındı. Azarkeş dəstəyi isə olduqca vacibdi. Bizi 90 dəqiqə dəstəkləyənlərə təşəkkür edirəm. Qələbədə onların da payı var. Rusiya ilə oyunda tribunalarda boş yer qalmayacağına inanıram. Qarşıdakı oyunda da uğuru azarkeşlərimizlə birgə qazanmaq istəyirik.
Fanat.az