"Rəqibin müdafiə xətti "Rəvan" səviyyəsində deyil" - Vəli Qasımov

"Rəqibin müdafiə xətti "Rəvan" səviyyəsində deyil" - Vəli Qasımov

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək "Neftçi" - "Şkendiya" matçı öncəsi paytaxt təmsilçisinin baş məşqçisi Vəli Qasımov mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı Makedoniya təmsilçisi barədə yüksək fikirdə olduğunu dilə gətirib.

- Bizi çətin oyun gözləyir. Rəqibin oyunlarını izləmişik. Keyfiyyətli futbolçulara sahibdilər. Ancaq biz də evdəki qələbələr üçün darıxmışıq.

- "Şkendiya"nın Polşadakı qarşılaşmasını izlədikdən sonra bu komandanın müdafiə xəttinin "Rəvan"dan çox da fərqlənmədiyini söyləyə bilərik. Bu komandanın müdafiə xəttini yarmağa "Neftçi"yə nə mane ola bilər?

- Onların "Rəvan" səviyyəsində müdafiə xəttinin olması fikri ilə razılaşmıram. Ancaq əsas üstünlükləri hücum xəttindədi. Maksimum konsentrasiya olmalıyıq. Makedoniyalıların səhvlərindən yararlanmağa çalışacağıq. 

- Bakıdakı ilk oyun ərəfəsində demişdiniz ki, komanda yaxşı vəziyyətdədi. Ancaq "Baltsan"la oyunda bunu görmədik. Bu, bir həftə ərzində nə dəyişmisiniz?

- Malta təmsilçisi ilə ilk yarıda üstün tərəf olub, oyuna nəzarət etmişik. Ümumilikdə isə iki oyunun nəticəsinə görə, haqlı olaraq mərhələni adlamışıq.

- Heyətin yetərli olmadığını söyləmişdiniz. Yeni transferləri həyata keçirməyə nə mane olur?

- Danışıqlar yubanır. Bu, tək bizdən asılı olan məsələ deyil. Futbolçularla danışıqlar gedir. Ehtiyat oyunçular skamyamız qısadı. Nə qədər tez gəlsələr, bir o qədər yaxşıdı.

- Start heyətini müəyyənləşdirmisinizmi?

- Özüm üçün müəyyənləşdirmişəm. Ancaq heyəti deməyəcəm. Bizi düşündürən Elşən Abdullayevin zədəsidi.

- Rəqibin heyətində elə bir futbolçu varmı ki, ona qarşı fərdi oynamağı kiməsə tapşırasınız?

- Müasir futbolda fərdi oyuna nadir hallarda rast gəlinir. Ancaq müəyyən oyunçuları var ki, xüsusi diqqət yetirəcəyik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər