"Nə Rusiyadan qorxuruq, nə də Şimali İrlandiyadan" - MÜSAHİBƏ

"Nə Rusiyadan qorxuruq, nə də Şimali İrlandiyadan" - MÜSAHİBƏ

Milli komandamızın və "Qarabağ"ın üzvü Qara Qarayevin Fanat.az-a müsahibəsi

- İsraillə Ramat-Qandakı oyunun ikinci yarısında meydana çıxdın. Seçmə mərhədəki debütün haqda nə deyə bilərsən?

- Həyəcanlı deyildim. Məşqçinin mənə şans verəcəyi anı səbirsizliklə gözləyirdim. Şadam ki, hər şey yaxşı alındı. Millidə oynamaq fəxrdi. Buna qədər 4 yoxlama görüşündə əsas yığmanın formasını geymişdim.

- 1:1 hesablı bərabərlik yəqin ürəyincədi...

- Nəticəni müsbət sayıram. Əsas odu ki, İsrail səfərindən xalla qayıtdıq. Düzü, çox çətin oyuna çıxacağımızı bilirdim. Hesabı açmağımız isə şəxsən mənim üçün hardasa gözlənilməz oldu. Ancaq oyunun gedişində hiss edirdim ki, bu rəqibi məğlub etməyə gücümüz çatar.

- Foqts səni meydana buraxandan sonra milli yarımmüdafiə zonasında daha inamlı göründü.

- Məncə, bir qədər irəli çəkilən Ruslan Abışov hücumlara fəal qoşulmaq imkanı qazandığından, yəhudilərin qapısı qarşısında təhlükəli vəziyyətlər yaratdıq. Kimin nə vaxt və harda oynayacağına baş məşqçi qərar verir. Bizim işimiz bacardığımızı əsirgəməməkdi.

- Bəs qapımıza vurulan qol zamanı nəzarətdə saxlamalı olduğu rəqibi diqqətdən qaçıran Cihan Özkaranın sonadək oynaması necə?

- Vallah, nə deyim. Cihan top almaq bacarığı olmayan, hücumameyilli futbolçudu. Onu müdafiəçi mövqeyində yol verdiyi xətaya görə qınamaq mübahisəlidi. Baş məşqçi müdafiəyə kömək etməsini istəmişdi. Həmin anda onun yerində sırf arxa xətt oyunçusu olsaydı, başqa məsələ.

- Səncə, yığma oktyabrda Rusiya və Şimali İrlandiya yığmaları ilə keçirəcəyi görüşlərdə nəyə nail ola bilər? Hər iki rəqibi Bakıda qəbul edəcəyimizi nəzərə alsaq, sizdən uğur ummağa dəyər?

- Hazırda yığmada əla ab-hava hökm sürür. Uşaqlarda yüksək səviyyədə özünəinam var. Nə Rusiyadan qorxuruq, nə də Şimali İrlandiyadan. Ruslar öz meydanında millini olmayan penaltidən vurduqları qolla yeniblərsə, britaniyalılarla səfərdə bərabərə qalmışıq. Azarkeşlərimizin möhtəşəm dəstəyi altında hər iki görüşdə maksimum nəticə üçün oynayacağıq. Təbii, ruslardan Bakıda 1 xal almaq da pis nəticə sayılmaz.

- Əsas yığma 1:1 hesabıyla azarkeşləri sevindirsə də, ertəsi U-21 İsraildə 2:7 hesabıyla yenilib rüsvay oldu.

- Oyuna baxırdıq. Təəssüf ki, erkən buraxılan 2 qol bizimkiləri sarsıtdı. Doğrudan da düşündürücü və üzücü hesabdı. Əsas yığmada oynamasaydım, U-21-ə kömək edəcəkdim. Belə planlaşdırılmışdı. Ancaq məqsədim bundan sonra A millinin uğurları üçün çalışmaqdı.

- Bernhard Lippertlə hava limanında söhbətləşmisən. Nə danışırdız?

- Onu çoxdan tanıyıram. U-21-in və əsas yığmanın oyunlarından danışdıq.

- Bəs Rəşad Eyyubovu niyə oynatmadığını soruşmadın?

- Yox. Buna səlahiyyətim çatmır. Amma Rəşadın ehtiyatda qalması şəxsən mənə maraqlı gəldi. O, istedadlı futbolçudu.

- Yeri gəlmişkən, Ramat-Qandakı oyunun final fiti veriləndə səcdə edənlərdən biri də sən itin. Tribunalardakı yəhudilər müsəlman jestini fitə basdı.

- Səcdə edərkən tribunaların reaksiyasına önəm vermədim. Həmin an ürəyimdən bunu etmək gəldi. Başqa heç nəyi nəzərə almadım.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər