"Xəzər Lənkəran"la bu gün 1 illik müqaviləyə imza atan Cahangir Həsənzadə Topaz Premyer Liqasının III turunda cənubluların qapısını qoruyacaq. Fanat.az-a verdiyi açqılamada 35 yaşlı əlcək sahibi sabah Zaqatalaya yola düşəcəyini bildirib.
Daha sonra təcrübəli qolkiper yeni kluba keçidi haqda məlumat verdi: "Məsələ son 3-4 gündə ortaya çıxdı. Klubdan transfer vərəqimin özümdə olub-olmaması ilə maraqlandılar. Bildikdə ki, azad agentəm, danışıqlara başladılar. Bundan sonra klub prezidenti Mais Mənsimovla da görüşdük. Artıq bütün məsələlərə aydınlıq gəlib və "Xəzər Lənkəran"la 1 illik müqaviləyə imza atmışam".
Həsənzadə baş məşqçi Oğuz Çətinlə də görüşüb, söhbət etdiyini diqqətimizə çatdırdı: "Baş məşqçiyə mənə etimad göstərdiyinə görə, təşəkkürümü bildirirəm. Onunla söhbət etdik, mənə güvəndiyini bildirdi".
Əlcək sahibi Orxan Sadıxlı ilə rəqabət barədə də danışdı: "Fərqi yoxdu çərçivəni kim qoruyacaq. Bu komanda ilə müqavilə imzaladıqdan yalnız "Xəzər Lənkəran"ın uğurları barədə düşünəcəm. Heç bir baş məşqçi daha güclünü ehtiyatda otuzdurub, zəifə şans verməz. Kim daha hazırlıqlı olacaqsa, qapını da ona etibar edəcəklər. Təki "Xəzər Lənkəran" qalib gəlsin".
Fanat.az