Topaz Premyer Liqasının XXXII turunda "Zirə"ni 2:0 hesabı ilə məğlub edən "Qarabağ" ardıcıl 3-cü, ümumilikdə isə 4-cü çempionluğunu rəsmiləşdirdi. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra ağdamlıların kapitanı Rəşad Sadıqov həm bakılılarla oyunu, həm də sona 4 tur qalmış qazanılan çempionluğu şərh edib.
Təcrübəli müdafiəçi zəfərə belə münasibət bildirib: "Oyun bizim üstünlüyümüzlə keçdi. İstəyirdik ki, çempionluğu elə "Zirə" ilə oyunda rəsmiləşdirək. Çox şükür ki, buna da nail olduq. "Qarabağ" heç bir komandaya güzəşt etməyəcək. Lap biz sonuncu yerdə olaq, lap axırıncı, fərq etməz. Doğma qardaşım, atam da olsa, güzəşt olmayacaq. "Zirə" ilə oyunda da bunu sübut etdik. Çempionluğu asan əldə etdiyimizi deməzdim. Sadəcə, bütün oyunlara ciddi yanaşırıq. Kimsə çempion, kimsə də məğlub olur. Ola bilər ki, gələn il də bizim oyunumuz alınmasın. Hərdən favoritlər də mübarizəni ilk mərhələdə dayandırır. Şəxsən mənim üçün maraqlı çempionat oldu. Çempionluğu xüsusi olaraq qeyd etməyəcəyik. Çünki hələ qarşıda oyunlarımız var".
Fanat.az