Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qəbələ"ni qəbul edən "Borussiya" təmsilçimizi 4:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında çxıış edən dortmundluların baş məşqçisi Tomas Tuhel qələbə qazandıqları oyunla bağlı media nümayəndələrinin suallarını cavablayıb.
- İndi artıq bazar günü keçiriləcək oyundan danışa bilərsiz? Özünüzü necə hiss edirsiz?
- Hələ tam özümə gəlməmişəm. Bu gün atmosfer yaxşı idi. Oyunumuzu daha da yaxşılaşdıra bilərik. Derbi oyunu haqda düşünməyə başlamamışam. Sabahdan etibarən Almaniya Bundesliqasının oyunları haqda danışa bilərik.
- Taktikanı oyunun gedişində niyə dəyişdiz?
- Bilirdik ki, "Qəbələ” Bakıdakı kimi 2 hücumçuyla oynayacaq. Sonra onlar dəyişikliyə əl atdılar. Buna görə mən də planımı müəyyən qədər dəyişməli oldum. Gördüyünüz kimi, hər şey uğurlu alındı.
- Reusu dəyişdiz. Zədəsi ciddidirmi?
- Hələ əmin deyilik. Sabah durumu məlum olacaq.
- Qriqorçuk "Qəbələ”nin burda xal almasını möcüzə kimi qiymətləndirdi. Tuxel necə fikirləşir, "Borussiya” Avroliqanın qalibi ola bilməsə möcüzə hesab oluna bilərmi?
- Bəli, o da möcüzə olar.
- Bu gün yaxşı oynasaz da, tam 100 faiz mükəmməl deyildiz. Bazar gününə qədər artırmalı nələr var?
- Biz bu günkü rəqibimizi yaxşı tanımırdıq. Almaniya çempionatının oyunları tamam fərqlidir.
- Tribunalarda erməni bayraqları var idi. Hər oyununuzda belə olur?
- Əlbəttə, burda çoxlu erməni yaşayır. Mxitaryana böyük hörmətləri var, ona görə də hər oyunda gəlib dəstəkləyirlər. (Klubun mətbuat xidmətinin rəhbəri cavab verir)
Fanat.az