Almaniya Bundesliqasında XIII tur liderlərin dueli ilə əlamətdar olacaq. Fanat.az xəbər verir ki, lider "Bavariya" şənbə günü ikinci pillədə qərarlaşmış Dortmund "Borussiya"un qonağı olacaq.
Vacib matçdan öncə hər iki komandanın heyətində ciddi itkilər var. Müdafiəçilər - Mats Hummels və Marsel Şmelzerin Almaniya millisindən zədəli dönməsi "Borussiya"nın baş məşqçisi Yurgen Kloppu məyus edən əsas məqamdıı. Üstəlik bir müddət əvvəl ağır zədə alan Neven Subotiç üçün də mövsüm başa çatıb. Hummels 2 ay, Şmelzer isə 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu səbəbdən "Borussiya" Almaniya yığmasının sabiq üzvü Manuel Friedrixlə mövsümün sonunadək müqavilə bağlamağa məcbur olub.
"Bavariya"da isə Frank Riberi şoku yaşanır. Klubun yaydığı açıqlamada bildirilir ki, fransız ulduz "Borussiya" matçında forma geyinə bilməyəcək. Avropada ilin futbolçusu seçilən Riberi Fransanın Ukrayna ilə oynadığı matçda bir qabırğasını sındırıb. Onun gələn həftə Çempionlar Liqasında ÇSKA ilə oynanılacaq matçadək hazır olub-olmayvacağı bilinmir. "Bavariya"da Riberidən başqa Bastian Şvaynştayger, Kaudio Pizarro, Xerdan Şaqiri və Holger Badstuber də oynamağa hazır deyil. Almaniyanın İngiltərə ilə oyununda yüngül zədə alan Jerome Boatenq isə meydana çıxa biləcək.
Qeyd edək ki, "Alman Klasiko"su adlanan "Borussiya" - "Bavariya" matçı komandaların cari mövsümdə 5-ci qarşılaşması olacaq. İki komanda bu il Almaniya Kubokunda, Bundesliqada, Çempionlar Liqasında və Avropa Super Kubokunda qarşılaşıb. "Borussiya" bunlardan sadəcə Super Kubok matçında rəqibini üstələyə bilib - 4:2.
"Bavariya" "Borussiya"nı Almaniya Kubokunun 1/4 finalında 1:0, Çempionlar Liqasının finalında 2:1 hesabı ilə yenib. Ötən mövsüm Bundesliqada baş tutan cavb matçı isə 1:1 hesabı ilə yekunlaşıb.
Bundesliqada keçirilən son 6 qarşılaşmada "Bavariya" "Borussiya"nı məğlub edə bilməyib. Münhen təmsilçisi çempionatda son qələbəsini 2010-cu ilin 13 fevralında qazanıb - 3:1. Dortmund isə bu müddətdə rəqibini 4 dəfə məğlub edib. Son iki görüş isə 1:1 hesabı ilə yekunlaşıb.
Ötən mövsüm Almaniya Kubokunu, Bundesliqa çempionluğunu və Çempionlar Liqasını qazanan "Bavariya" cari mövsümdə səfərdə oynadığı 5 matçda yenilməyib - 3 qələbə, 2 heç-heçə. "Borussiya" isə evdə oynadığı 6 oyunda məğlub olmayıb. Bu oyunlarda cəmi 4 qol buraxan dortmundlular rəqibləri 21 dəfə məyus edib.
Bundesliqada yenilməzlik seriyasını 37-yə çıxaran və rekorda imza atan "Bavariya" son məğlubiyyətini 2012-ci ilin 11 aprelində məhz "Bavariya"dan alıb - 0:1.
Qeyd edək ki, hazırda turnir cədvəlinə başçılıq edən "Bavariya"nın 32 xalı var. "Borussiya" isə 28 xalla ikinci pillədə qərarlaşıb.
Fanat.az