Dünən Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyununda səfərdə İsveç” Elfsborq”unu vurduğu tək qolla yenən “İnter” “Qarabağ”ın rekorduna şərik çıxıb. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisi bunu avrokuboklarda ardıcıl 4-cü qələbəsini qazanmaqla bacarıb.
“Köhlən atlar” sözügedən nəticəyə ötən mövsüm imza atmışdı. 2011/12 mövsümünün son oyununda evdə “Brügge”ni 1 cavabsız qolla yenən Qurban Qurbanovun komandası 2013/14 mövsümündə daha 3 qələbə ilə bu seriyanı 4-ə çatdırmışdı. Makedoniya “Metallurq”unu iki dəfə 1:0, Polşa “Pyast”ını 2:1 hesabı ilə udan “Qarabağ” Polşa klubuyla cavab matçında seriyanı dava etdirə bilməmişdi – 2:2.
Bir il sonra həmin rekorda şərik çıxan “İnter” də startda ardıcıl 3 qələbə ilə buna nail oldu. Ötən mövsümün son qarşılaşmasında Norveç “Tromse”sini 1:0 hesabı ilə məğlub edən Kaxaber Tsxadadzenin yetirmələri Moldova “Tiraspol”unu iki dəfə yenmişdi - 3:2 və 3:1. İsveçdə “Elfsborq” üzərində 1:0 hesablı qələbə isə seriyanı 4-ə, “Qarabağ”ın rekorduna çatdırdı. Bakılılar Skandinaviya təmsilçisini evdə məğlub etməyi bacarsa,, 5-ci qələbə ilə mütləq rekordu “özəlləşdirəcək”.
Fanat.az