Çexiyada "Praqa Open" şahmat festivalı davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün yarışda 5-ci turun görüşləri baş tutub. Əvvəlki dörd oyunda xal itirməyən Azərbaycan təmsilçisi Azər Mirzəyev tur çərçivəsində isveçli Lüdviq Karlssonla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan qrossmeysterimiz bu dueldən də qalib ayrılıb.
Beləliklə, xalını 5-ə çatdıran Mirzəyev niderlandlı Artur Peyperslə birgə hazırda turnir cədvəlinə başçılıq edir. Növbəti turda liderlər münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışa 150-dən çox şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə yanvarın 14-də yekun vurulacaq.