"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi qazanıb.
"Qızıl top"un azərbaycanlı jürisi Rasim Mövsümzadə Fanat.Az-a müsahibəsində sorğuda kimə səs verdiyini və qeydə alınan nəticəni şərh edib:
- Lionel Messinin "Qızıl top"a layiq görülməsi birmənalı qarşılanmadı. Namizədlər sırasında bu mükafata layiq, daha yaxşı il keçirmiş futbolçular vardı. Lakin sonda yenə, 7-ci dəfə Lionel Messi seçildi. Ümumiyyətlə, "Qızıl top"un seçki sistemi hansı tərzdə aparılır, şəffafdır, yoxsa müdaxilə ola bilər? - Səsvermənin şəffaflığına şübhə yoxdur. “France Football” nəşri səs verməklə bağlı heç kimə təsir və təzyiq etmir. Buna ehtiyac da yoxdur. Sadəcə insanlarda, o cümlədən jurnalistlərdə Lionel Messiyə qarşı böyük sevgi, pərəstiş var.

- Siz kimə səs verdiniz? - Səs verdiyim bütün oyunçular “Qızıl top”un yekun nəticəsində ilk beşliyə düşə bildilər, sadəcə yerlər müxtəlif oldu. Favoritim “Çelsi” ilə Çempionlar Liqasını qazanmış, həmin yarışda əla çıxış etmiş fransalı N’Qolo Kante idi və anketimdə 1-ci yerdə onun adını yazmışdım. Daha sonra italiyalı Jorjinyo, polşalı Robert Levandovski, fransalı Karim Benzema və nəhayət, 5-ci sırada Messinin adını qeyd etmişdim.
- Necə düşünürsünüz, niyə məhz Messi seçildi? - Qeyd edim ki, sorğuda dünyanın 200-ə yaxın ölkəsindən jurnalistlər iştirak edir. Messiyə səs verənlər onun Argentina millisilə Amerika kubokundakı çempionluğunu əsas götürüblər. Amma məncə, Avropa çempionatı, hətta UEFA Çempionlar Liqası da hazırda səviyyəcə Cənubi Amerika çempionatından daha güclü yarışdır. Bir faktı da xatırladım ki, Messi 2019-cu ildə də, əsasən, Cənubi Amerika, Şimali və Mərkəzi Amerika, həmçinin Afrika təmsilçilərinin səsləri sayəsində qalib olmuşdu.
Röya Kərimli