Bir neçə həftə əvvəl Kölndə vida matçı baş tutan Lukaş Podolski özünə problem yaradıb.
Fanat.Az "Bild"-ə istinadən xəbər verir ki, Polşa əsilli futbolçunun vida mərasimindəki davranışı Almaniya hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
“Köln”ə 14 ilini verən, peşəkar karyerası ilə vidalaşmağa 50 min insanın gəldiyi 39 yaşlı futbolçu tədbirdə emosional çıxış edib, daha sonra fan sektoruna çıxıb tonqal yandırıb.
Bundan sonra iğtişaş yaşanıb. Bildirilir ki, vida oyunu vaxtı münaqişə yaşanıb, polşalı xuliqan klub işçisini bıçaqla hədələyib, əcnəbi stüardlar isə xuliqanlar tərəfindən təhqir edilib və hədələnib. İğtişaşlar zamanı 14 polis əməkdaşı yaralanıb.
Məsələ burasındadır ki, Almaniyada stadionlarda pirotexniki vasitələrdən istifadə etmək qadağandır, bu, inzibati qayda pozuntusu hesab edilir və adətən cərimə və hüquqi prosedurlara səbəb olur.
"RheinEnergie" stadionunun əməliyyat şöbəsinin rəhbəri, əvvəllər polis direktoru vəzifəsində çalışmış Volker Lange Podolskinin hərəkətlərini tənqid edib və futbolçunu “pis nümunə olmaqda” ittiham edib: "Birincisi, bu qadağandır, ikincisi, o, pis nümunədir və üçüncüsü, klubda bu cür məsələlərə görə kim məsuliyyət daşıyırsa, cavab verməlidir".
Mirağa