"Komandamın bu cür qələbəyə ehtiyacı var idi. Mövsümə yaxşı başlamadıq. Gözəl oyun göstərsək də, çoxlu qol imkanları yaratsaq da, ilk 3 oyunda gözlədiklərimizin qarşılığını ala bilmədik. Bu gedişi dəyişdirməyimiz lazım idi. Dönüş oyunumuz “İnter”lə matç oldu". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"lə oyundan (1:0) sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.
Türk mütəxəssis rəhbərliyin və azarkeşlərin dəstəyindən çox şey aslı olduğunu bildirib: "Çox ağır oyunlardan öncə bir-birinə dəstək vermək, bir ailə kimi olmaq çox vacibdi. “Simurq” məğlubiyyətindən sonra klub prezidenti Mais Mənsimov hər gün komandanın yanında idi və bizə çox böyük dəstək verdi. Bizim üçün bu çox vacib idi. Oyuna bir ailə kimi hazırlaşdıq. Futbolçularımı göstərdikləri mübarizəyə görə təbrik edirəm. Qələbə qazanmaq üçün hər şeyi etdik. Bu gün bir daha gördük ki, azarkeşlərimiz bizə dəstək olduğu zaman komandamız daha da yaxşı oyun göstərir. Bu gün onlar da bizə çox ciddi dəstək verdilər. Bu qələbə qarşıdakı oyunlarda daha inamlı çıxış etməyimizə kömək edəcək. “İnter” kimi komandaya qarşı oynamaq asan deyil. Futbolçuların üstün mübarizə əzmi və verilən taktiki tapşırıqların tam yerinə yetirilməsi qələbə qazanmağımızda rol oynadı”.
Fanat.az